Qardaş ölkədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə dəstək məqsədi ilə fevral ayının 10-da Türkiyəyə yola düşən ilk könüllü qrupu barədə xəbər Türkiyə mediasında geniş işıqlandırılıb. “DHA”, “SABAH”, “SonDakika” kimi aparıcı xəbər portallarında “Zəlzələ bölgəsində çalışan azərbaycanlı heyətə daha yeni qrup yardıma gəldi” kimi başlıqlarla yayımlanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərər çəkmiş qardaş Türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi geniş miqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulmuşlar. Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri arasından daha təcrübəli və çətin şəraitdə fəaliyyət göstərməyə hazır olan 100 gənc müəyyən edilərək, ilkin təlimatlandırma keçdikdən sonra türkiyəli həmkarlarına dəstək vermək üçün qardaş ölkəyə yola düşmüşlər.
Könüllülər artıq Kahramanmaraş bölgəsinə çataraq fəaliyyətə başlamışdır.