Ölkənin ən böyük gənclər festivalı – “Yay Fest”in “Karyera və inkişaf” düşərgəsi davam edir. Şamaxıda keçirilən və 5 gün ərzində davam edəcək çadır tipli yay düşərgəsi şəxsi və karyera inkişafında uğurlu olmaq istəyən 250-yə yaxın gənci öz ətrafında birləşdirib.
Düşərgə müddətində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının rəhbəri Toğrul Ələkbər tərəfindən karyera planlaması, əmək bazarı və gələcəyin bacarıqları, peşəkar məqsəd təyinetmə, iş axtarışları alətləri tanışlıq, CV hazırlanması, eləcə də müsahibəyə hazırlıq üsulları mövzularında təlimlər keçiriləcək, gənclərin şəbəkələşməsi istiqamətində müxtəlif komanda oyunları təşkil ediləcək, səyyar karyera məsləhəti xidməti ilə gənclər karyera xəritələrini formalaşdırmaq imkanı əldə edəcəklər. Bununla yanaşı, müxtəlif sahələr üzrə öz işinin peşəkarları gənclərlə maraqlı və interaktiv fikir mübadilələri apararaq və master-klasslar təşkil edərək onlara stimul verəcəklər.
İlk günü əyləncəli konsert proqramı ilə yadda qalan “Karyera və inkişaf” düşərgəsinin açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyəti sədrinin müavini Ülvi Abbasquliyev və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Rüfət Qazızadə çıxış edərək “Yay Fest” iştirakçılarına uğurlar arzu ediblər. Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərin məşğulluğunun təmin olunması istiqamətində ölkədə görülən işlər və bu kimi düşərgələrin gənclərin inkişafındakı rolu barədə məlumat verilib. Düşərgənin növbəti günü intellektual oyun və futbol çempionatı təşkil edilib, şəhid övladlarının “Yay Fest”in ərazisinə ziyarəti baş tutub.
Gənclər Fondunun dəstəyi və “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən “Karyera və inkişaf” düşərgəsi 2 sentyabr tarixinədək davam edəcək.