Avqustun 8-də Azərbaycanın ən böyük gənclər festivalı olan “Yay Fest”in dördüncü – “Könüllülük” həftəsinin açılışı baş tutub.
Ölkənin müxtəlif bölgələrini təmsil edən 250-yə yaxın gənci bir araya gətirən “Könüllülük” həftəsininin açılış mərasimində çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini Fərid Sadıxlı, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov, təhsil nazirinin müşaviri Nicat Məmmədli, ekologiya nazirinin müşaviri Rüstəm Həsənov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının İnsan resursları şöbəsinin sektor müdiri Elnur Atayev və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə könüllü hərəkatının genişləndirilməsi və inkişafı istiqamətində görülən işlər, cəmiyyətimizin bütün təbəqələrini əhatə edərək gənclərimizin həyat tərzinə çevrilən könüllülük ruhunun daha geniş vüsət alması barədə düşərgə iştirakçılarına geniş məlumat verdilər. Qeyd olundu ki, həyata keçirilən tədbirlər nəticəsində yüz minlərlə azərbaycanlı gənc müxtəlif sahələrdə könüllü qismində çıxış edərək bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanırlar.
Açılış mərasiminin rəsmi hissəsinin davamı olaraq baş tutan konsert proqramı çərçivəsində könüllülərin ifasında musiqi kompozisiyaları səsləndirilib, milli rəqslər və teatr tamaşası nümayiş olunub.
Şamaxıda keçirilən çadır tipli düşərgə zamanı gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün açıq havada müxtəlif mövzular üzrə dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə panel müzakirələri, Vətən müharibəsi qaziləri ilə görüşlər, idman, əyləncəli, intellektual oyunlar, müxtəlif məsələləri əhatə edən peşəkar təlimlər, Şamaxının tarixi və mədəni abidələrinə ziyarətlər təşkil olunacaq. Düşərgə müddətində gənclər üçün komanda quruculuğu, karyera inkişafı, ideyaların reallaşdırılması, gənclər siyasəti, bloggerlik fəaliyyəti, özəl sektorda könüllülük və aktuallıq kəsb edən bir sıra digər məsələlərlə bağlı təlimlər təşkil olunacaq.
19 iyul – 9 sentyabr tarixlərini əhatə edəcək “Yay Fest 2022” festivalı çərçivəsində mərhələli şəkildə 2 mindən çox gəncin iştirakı ilə 8 fərqli mövzu (“Tələbəlik”, “Dəmir Yumruq”, “Yaradıcılıq”, “Könüllülük”, “SDG Camp”, “Karyera ve İnkişaf”, “İdeyadan Biznesə” və “Həmrəylik”) üzrə düşərgələr keçirilməkdədir.
Artıq üçüncü dəfə həyata keçirilən “Yay Fest” gənclər festivalı Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutur.