İyulun 18-də Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı və BP Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilən 2022 Enactus Azərbaycan Milli Yarışı uğurla başa çatıb.
Bakı Konqres Mərkəzində baş tutan Milli Yarışın final gününün açılış mərasiminə Enactus proqramının ölkə üzrə rəhbəri Orduxan Qəhrəmanzadənin çıxışı ilə start verildi. Proqramın ölkə üzrə rəhbəri çıxışında 2021 və 2022-ci illərdə görülən işlər, komandaların il boyunca hazırlıq prosesi və qarşıdan gələn Enactus Dünya Kuboku haqqında danışıb.
Daha sonra “Enactus Azərbaycan” İdarə Heyətinin üzvləri çıxış üçün səhnəyə dəvət edilib. Gənclər Fondunun icraçı direktoru və “Enactus Azərbaycan” İdarə Heyətinin sədri Fərid Cəfərov, təhsil nazirinin müavini Muxtar Məmmədov, Naxçıvan Gənclər Fondunun icraçı direktoru, deputat Cəbi Quliyev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli açılış nitqləri ilə çıxış ediblər. Çıxışçılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətində gənclərin təhsilli və savadlı yetişməsinin əsas istiqamətlərdən biri olduğunu vurğulayaraq təhsil sisteminin təkmilləşdirilməsi və müasir dövrün çağırışlarına cavab verməsi məqsədilə ölkəmizdə həyata keçirilən islahatların əhəmiyyətini qeyd edərək Enactus kimi layihələrin tələbə gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə xidmət etdiyini bildiriblər.
Cari ilin 13 iyul tarixində 2022 Enactus Azərbaycan Milli Yarışının yarımfinal mərhələsində hakimlərin qiymətləndirilməsi nəticəsində 17 komanda arasında final mərhələsinə vəsiqə qazanan Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetinin Enactus komandaları gün boyunca layihələrini təqdim edib, münsiflər heyətinin suallarını cavablandırıblar.
“Enactus Azərbaycan”ın İdarə Heyətinin üzvlərindən ibarət münsiflər heyətinin qərarı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin komandası 2022 Enactus Azərbaycan Milli Yarışının qalibi elan edilərək 30 oktyabr – 2 noyabr tarixlərində Puerto-Rikoda keçiriləcək Enactus Dünya Kubokunda ölkəmizi təmsil etmək hüququnu qazanıblar. Münsiflər heyətinin müvafiq qərarına əsasən Naxçıvan Dövlət Universitetinin komandası 2-ci, Bakı Ali Neft Məktəbinin komandası isə 3-cü yerə layiq görülüb. Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb, xatirə şəkli çəkilib.
Qeyd etmək lazımdır ki, Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərək daha yaxşı bir dünya yaratmağa hədəflənmiş dünyanın ən böyük təcrübə və öyrənmə platformasıdır. Bu məqsədlə Enactus gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir. Enactus Proqramı 1975-ci ildə ABŞ-də yaradılıb. Ölkəmizdə proqramı Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) təmsil edir.