İyulun 13-də Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Enactus Azərbaycanın birgə tərəfdaşlığı və bp Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilən 2022 Enactus Azərbaycan Milli Yarışının yarımfinal mərhələsi uğurla başa çatıb.
Milli Yarışın yarımfinal mərhələsi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Proqram meneceri Nigar Hüseynovanın moderatorluğu ilə öz işinə başlayıb. Daha sonra “Enactus Azərbaycan”ın ölkə üzrə rəhbəri Orduxan Qəhrəmanzadə görülən işlər barədə çıxış edib, iştirakçı komandalara uğurlar arzulayıb. 3 liqa üzrə 17 komanda arasında baş tutan yarımfinal mərhələsində komandaların tanışlıq videolarının ardınca hazırladıqları layihə təqdimatları izlənilib, hər liqa üzrə 10 nəfər olmaqla ümumilikdə 30 hakimin qiymətləndirilməsi baş tutub, hər liqa üzrə sual-cavab sessiyası keçirilib.
Münsiflərin qiymətləndirilməsi nəticəsində 1-ci liqa üzrə Bakı Dövlət Universiteti və Naxçıvan Dövlət Universiteti, 2-ci liqa üzrə Azərbaycan Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət Universiteti, 3-cü liqa üzrə isə Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetinin Enactus komandaları 18 iyul tarixində Bakı Konqres Mərkəzində baş tutacaq “Enactus Azərbaycan” Milli Yarışının final mərhələsinə vəsiqə qazanıblar.
Qeyd etmək lazımdır ki, Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərkən daha yaxşı bir dünya yaratmağa hədəflənmiş dünyanın ən böyük təcrübə öyrənmə platformasıdır. Bu məqsədlərə çatmaq üçün Enactus gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir.