İyunun 16-da Türkiyənin İstanbul şəhərində 300-ə yaxın gəncin iştirakı ilə “Azərbaycan-Türkiyə-Pakistan Gənclərinin Birinci Həmrəylik Forum”u keçirilib.
Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən tarixi forumun məqsədi üç ölkə arasında mövcud sıx dostluq, qardaşlıq əlaqələrinin gənclərin iştirakı və töhfəsi ilə daha da möhkəmləndirilməsi və üçtərəfli platforma vasitəsilə ölkə həqiqətlərinin beynəlxalq səviyyədə təbliğindən ibarətdir.
Forumun rəsmi hissəsində təşkilatçılarla yanaşı, diplomatik nümayəndəliklərin rəhbərləri, elmi araşdırmaçılar, vətəndaş cəmiyyəti nümayəndələri çıxış edərək, daim Azərbaycanın yanında olan və Azərbaycan-Türkiyə qardaşlığına yeni “Üç qardaş dövlət” anlayışı qazandıran Pakistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyinin, eləcə də beynəlxalq müstəvidə göstərdiyi birmənalı dəstəyin Azərbaycanı və ümumilikdə türk aləmini qürurlandırdığını qeyd ediblər.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun qazandığı qələbə, Azərbaycan və Türkiyə dövlət başçıları cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladığı tarixi Şuşa Bəyannaməsinin, eyni zamanda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin ötən il imzaladığı Bakı Bəyannaməsinin ölkələrimiz arasındakı münasibətlərin inkişafına verdiyi töhfə haqqında danışılıb, sözügedən sənədlərin üç ölkə gənclərinin daha da sıx şəkildə əməkdaşlıq etməsi, birgə çalışması üçün zəmin yaratdığı qeyd olunub.
Forum çərçivəsində 3 ölkənin tarixi və mədəni irsi, üçtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında təqdimatlar keçirilib, eləcə də Azərbaycan, Türkiyə və Pakistan gənclərinin daha sıx əməkdaşlığının yaratdığı yeni imkanlar barədə müzakirələr aparılıb.
Ötən illərdə Gənclər Fondu və TÜGVA-nın birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə gənclərinin düşərgə, müsabiqə, seminar və digər tədbirləri haqqında iştirakçılara məlumatlar təqdim edilib, bu məzmunlu proqramların cari ildə pakistanlı gənclərin də iştirakı ilə keçirilməsinin planlaşdırıldığı və bu cür tədbirlərin gənclərimiz arasında üçtərəfli əlaqələrin daha geniş inkişafına təkan verəcəyinə inam ifadə olunub.
Tədbirin yekununda hər üç ölkənin gəncləri adından üçtərəfli münasibətlərin yüksək səviyyədə inkişafının önəmi, eləcə də Azərbaycan, Türkiyə və Pakistan gənclərinin bütün platformalarda sıx əməkdaşlığının təmin olunmasının vacibliyi vurğulanıb və üçtərəfli gənclər platformasının təsis edilməsi razılaşdırılıb.
Foruma Azərbaycanın Qarabağ bölgəsini təmsil edən gənclərin təqdim etdiyi geniş mədəni proqramla yekun vurulub.