Respublikanın 57 şəhər və rayonunu əhatə edən ölkənin ən böyük intellektual turnirinin regionlar üzrə seçim turu başlayıb. Mayın 9-dan start götürən və 4 mərhələdən ibarət olması nəzərdə tutulan seçimdə ümumilikdə 700-dən artıq komanda öz intellektual gücünü sınayacaq. Rayonlar və şəhərlər üzrə ilkin mərhələnin qalib komandaları növbəti mərhələdə zonalar üzrə yarışacaqlar. Gərgin bilik mübarizəsinin sonunda isə gənclər Bakıda 2 gün ərzində keçiriləcək möhtəşəm final mərhələsində iştirak edəcəklər. Turnir çərçivəsində “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq” və “Erudit Kvartet” oyunları keçiriləcək.
Turnirin məqsədi Azərbaycan gənclər siyasətinin prioritet istiqamətlərindən biri olan gənclərin intellektual potensialının inkişafı, onların asudə vaxtlarının faydalı təşkili, eyni zamanda 2022-ci ilin Prezident İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilməsi çərçivəsində Qarabağımızın, xüsusilə də mədəniyyət beşiyimizin zəngin irsi haqqında gənclərin maarifləndirilməsidir.
“İntellektual Klubların Gənclər Liqası” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Badamlı” şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir. Turnirin media dəstəyi ARB Media Qrupu tərəfindən təmin edilir.
“Facebook” sosial şəbəkəsində yaradılmış qrupa qoşularaq turnirə dair ən son yeniliklər haqqında məlumat əldə edə bilərsiniz:
https://www.facebook.com/groups/801588220281994