Aprelin 28-də Türkiyənin İstanbul şəhərində azərbaycanlı və türkiyəli gənclərin iştirakı ilə “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı” adlı Forum keçirilib.
Türkiyə Gənclik Vəqfi (TÜGVA) və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi, eyni zamanda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi fonunda Şuşa şəhərinin Türkiyə və Azərbaycan başda olmaqla, bütövlükdə türk dünyası üçün tarixi önəmi haqqında gənclərimizə məlumat vermək, eyni zamanda Şuşa şəhərinin işğaldan azad olunmasının türk dünyası üçün siyasi və mənəvi əhəmiyyətini hər iki ölkə gənclərinin diqqətinə çatdırmaqdan ibarət olub.
Tədbirdə çıxış edən TÜGVA baş direktoru Enes Eminoğlu, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının İstanbul şəhərindəki konsulu Zaur Allahverdizadə və Gənc Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (Gənc MÜSİAD) idarə heyətinin üzvü Talha Akbaş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı zəfərdə Türkiyə rəhbərliyinin və xalqının, eləcə də gənclərinin mənəvi dəstəyinin əhəmiyyətindən bəhs edib, Türkiyə Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın ötən il Şuşa şəhərinə etdiyi rəsmi səfər çərçivəsində imzalanmış tarixi Şuşa Bəyannaməsinin önəmi haqqında danışıblar. Çıxışlar zamanı Şuşanın yenidən dirçəlməsi istiqamətində sürətlə davam edən bərpa-quruculuq işləri barədə iştirakçılara məlumat verilib, Şuşanın dirçəlişinin tək azərbaycanlıların deyil, bütün türk dünyasının ürəyincə olduğu xüsusilə qeyd edilib. Tədbirdə Türkiyə Araşdırmalar İnstitutunun dosenti Mehdi Gəncəli Şuşanın tarixi və mədəniyyəti haqqında məruzə ilə çıxış edib.
Forum zamanı ötən illər ərzində iki ölkə gənclərinin birgə iştirakı ilə baş tutmuş və böyük maraqla qarşılanmış düşərgələr, müsabiqələr, seminarlar və s. kimi bir sıra tədbirlər haqqında iştirakçılara məlumat verilib, bu məzmunlu proqramların cari ildə daha geniş tərkibdə və digər türk dövlətlərindən olan gənclərin iştirakı ilə Şuşa şəhəri daxil olmaqla, türk dünyası üçün əhəmiyyət kəsb edən digər tarixi şəhərlərdə də keçirilməsinin planlaşdırıldığı qeyd edilib.
Tədbirdə Azərbaycan və türk dünyası üçün böyük önəm daşıyan Şuşa şəhərinə aid məlumatların əks olunduğu videoçarx nümayiş olunub, türkiyəli gənc araşdırmaçılar arasında Şuşanın tarixi və mədəniyyəti ilə bağlı elmi tədqiqat, monoqrafiya və məqalə hazırlanmasına dair müsabiqə elan edilib.
Türkiyə və Azərbaycandan onlayn qoşulan min nəfərə yaxın gəncin iştirakı ilə keçirilən forumun yekununda hər iki ölkənin gəncləri adından ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafına görə iki ölkənin dövlət başçılarına təşəkkür edilib, Azərbaycan-Türkiyə, eləcə də bütövlükdə türk dünyası gəncləri tərəfindən bütün platformalarda sıx əməkdaşlığın ortaya qoyulması vacibliyi qeyd olunub.