Azərbaycanın müasir tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 30-cu ildönümü tamam olur. Bununla əlaqədar olaraq fevralın 26-da ölkənin 100-dən çox aparıcı gənclər təşkilatının nümayəndəsinin iştirakı ilə Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsi ziyarət olunub.
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və insanlığa qarşı törədilmiş bu qətliamı bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyan yürüş, eyni zamanda, onu göstərir ki, xalqımız xüsusilə, gənclərimiz bu faciəni heç vaxt unutmayacaq və unutdurmayacaq.
Gənclər və gənclər təşkilatları olaraq tarixi ədalətin bərqərar olması, bəşəriyyətə qarşı belə cinayətlərin təkrar olunmaması, Xocalı soyqırımının beynəlxalq miqyasda “soyqırım aktı” kimi tanınması istiqamətində fəaliyyətlərimizi bundan sonra da əzmlə davam etdirəcəyik. Bu gün hər birimiz müstəqil Azərbaycan Respublikasının gəncləri kimi Xocalı qurbanlarını ziyarət etdik və əminik ki, şəhidlərimizin ruhu şaddır.
Qeyd: Xocalı soyqırımı ilə bağlı məlumatları istifadə edən zaman Kampaniyanın rəsmi veb-saytına (https://justiceforkhojaly.org/) istinad etməyiniz tövsiyə olunur. Bununla yanaşı, Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə foto və press-relizi, həmçinin tədbirin keçirilməsinə lazimi dəstək ilə bağlı müraciəti [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.