İslam İnkişaf Bankının (İİB) təşəbbüsü ilə İİB nümayəndələrinin Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) ilə görüşü keçirilmişdir. Görüşdə ölkəmizin zəngin könüllü təcrübəsinin İslam Əməkdaşlıq Təşkilatı ölkələrində tətbiq olunması müzakirə edilmişdir.
İİB nümayəndələri Azərbaycan könüllülük modelini ötən ilin dekabrından etibarən tədqiq edərək yüksək qiymətləndirdiklərini, xüsusilə də gənclərin fərdi inkişafı və dövlət qurumlarına dəstək baxımından effektiv mexanizm kimi dəyərləndirdiklərini bildirmişlər. Bu baxımdan bu təcrübənin digər ölkələrdə tətbiqinə İİB tərəfindən dəstək verilməsi qərara alınmışdır.
Görüşdə qeyd olunmuşdur ki, son on ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə Azərbaycanda könüllü hərəkatı geniş vüsət almış və ictimai maarifləndirmə, dövlət xidmətlərinin vətəndaşlara çatdırılması, ətraf mühitin mühafizəsi, incəsənət, mədəniyyət, turizm və digər sahələrdə on minlərlə könüllünü özündə birləşdirən 21 könüllü təşkilatı və hərəkatı formalaşmışdır. Son illərdə ölkəmizin ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, “Formula -1” qran-pri yarışları və digər irimiqyaslı mötəbər tədbirlərin təşkilində könüllülər aparıcı rol oynamışlar.
Bununla yanaşı, könüllülər ölkəmiz üçün taleyüklü məsələlərdə də dövlət qurumlarına dəstək verirlər. Buna misal kimi, 2020-ci ildən etibarən dövlət başçısının çağırışına uyğun olaraq, gənclər könüllü qismində pandemiya ilə mübarizədə səhiyyə və hüquq mühafizə işçiləri ilə çiyin-çiyin ictimai maarifləndirmə fəaliyyətini həyata keçirmiş, sosial həssas kateqoriyadan olan vətəndaşlara yardımların çatdırılmasında iştirak etmişlər. Həmçinin, II Qarabağ müharibəsi dövründə erməni hücumundan zərər çəkmiş ailələrin dəstəklənməsində fəal olmuşlar.
Görüşün sonunda könüllü sahəsində azərbaycanlı mütəxəssislərin və təşkilatların hədəf ölkələrə İİB-nin dəstəyi ilə təcrübə və araşdırma səfərlərinin təşkil edilməsi və Azərbaycan könüllülük modeli əsasında könüllülük platformalarının yaradılması razılaşdırılmışdır.