“Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində ali təhsil müəssisələrində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan silsilə tədbirlərə başlanılıb.
Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının unudulmaması, gələcək nəsillərə çatdırılması məqsədi daşıyan tədbirlər həyata keçirilmişdir.
Tədbirlər zamanı tələbələrə “Xocalıya Ədalət” Kampaniyasının fəaliyyəti çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində atılan addımlar, hazırlanan müxtəlif nəşr, video və digər təbliğat vasitələri barədə məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlayan “Xocalıya Ədalət” Kampaniyasının dəstəyi ilə bu günədək müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunan çoxsaylı anım tədbirləri keçirilib, geniş təbliğat-təşviqat işləri aparılıb. Kampaniyanın fəaliyyəti nəticəsində 17 ölkənin qanunverici orqanı və ABŞ-ın 24 ştatı tərəfindən Xocalı faciəsinin rəsmi şəkildə soyqırımı kimi tanınması ilə bağlı müvafiq parlament qətnamələri qəbul edilib.
Tədbirdə faciənin canlı şahidləri Valeh Hüseynov, İbrahim Həsənov Xocalı faciəsinin dəhşətləri ilə bağlı təəssüratlarını bölüşüb. Onlar gələcəkdə belə faciələrin baş verməməsi üçün Xocalı ilə bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılmasının zəruriliyini vurğulamış və bu fəaliyyətdə gənclərin öhdəsinə xüsusi vəzifə düşdüyünü qeyd etmişlər.
Sonda tələbələrin sualları cavablandırılıb, təklif və şərhləri dinlənilib.
Tədbirlər Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilir və həftə ərzində digər ali təhsil müəssisələrini də əhatə etməsi nəzərdə tutulur.
Xatırladaq ki, “Xocalıya Ədalət” Kampaniyasının əsas məqsədləri Xocalı soyqırımına beynəlxalq səviyyədə adekvat siyasi-hüquqi qiymətin verilməsi, ədalətin təmin olunması, cinayətkarların cəzalandırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsindən ibarətdir.
Xocalı soyqırımı ilə bağlı məlumatları istifadə edən zaman Kampaniyanın rəsmi veb-saytına (https://justiceforkhojaly.org/) istinad edilməsi tövsiyə olunur. Bununla yanaşı, Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə məlumatları, həmçinin tədbirin keçirilməsinə lazimi dəstək ilə bağlı müraciəti [email protected] elektron poçt ünvanına göndərmək mümkündür.