Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə könüllülük təşkilatlarının nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri təşkil olunub.
Səfərin məqsədi Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələrini görmək, işğaldan azad edilmiş torpaqlarda hazırkı mövcud vəziyyətlə tanış olmaqdır.
Baş tutan səfərdə 30-dək iştirakçı Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri, Ağdam Dövlət Dram Teatrına ziyarət edərək, Ağdam şəhərinin maddi-tarixi və mədəni irsi, mədəniyyət abidələri ilə tanış olublar.
Gənclər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad edib, işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsində hər bir Azərbaycan gəncinin səfərbər olacağını vurğulayıblar.
“CNN Türk” telekanalına müsahibəsində Prezident İlham Əliyev bir daha 44 günlük Vətən müharibəsində gənclərin rolunu vurğulayaraq bildirmişdir: “Xalqın barışmaz ruhu əlbəttə ki, əsas amillərdən biridir. Çünki biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırdılar ki, getsinlər, öz torpağına qayıtsınlar. Ölümə gedənlər məhz onlar kimi minlərlə gənclər olmuşdur”.
Səfər zamanı Ağdamın Baş Planı ilə tanış olan nümayəndə heyəti Qarabağ torpağının ölkəmiz üçün əhəmiyyətini, regionun zəngin tarixi və mədəni irsini dünyaya çatdırmaq, bundan sonra da haqq səsimizi geniş miqyasda duyurmaq üçün gənclərin aktivliyi daha da artıracaqlarını bildirib, könüllülük təşkilatlarının Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında hər zaman fəal iştirak etdiklərini vurğulayıblar.