Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə həyata keçirdiyi “Qarabağ Zəfəri” rəsm müsabiqəsinin azərbaycanlı gənc qalibləri Türkiyəyə səfərə yollanıblar.
Həmçinin bu həftə müsabiqənin qalibi seçilmiş türkiyəli gənclər ölkəmizə səfər ediblər. Onların Bakıda Şəhidlər və Fəxri Xiyabanı, Hərbi Qənimətlər Parkı, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyinə ziyarətləri təşkil olunub. Növbəti gün Gəncə şəhərinə yola düşən qonaqlar Nizami Gəncəvi məqbərəsi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, İmamzadə dini kompleksinə ziyarət ediblər.
“Qarabağ Zəfəri” müsabiqəsinin qalib türkiyəli və azərbaycanlı gənclər eyni zamanda ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti cənab Receb Tayyib Ərdoğanla görüşüblər.
Qeyd edək ki, elan olunmuş rəsm müsabiqəsi şanlı ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Zəfərə həsr olunub, əsas məqsədi Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə təcəssüm etmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirmək idi. Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondu (TÜGVA) bu il də hər iki ölkənin gəncləri üçün ortaq layihələrin həyata keçiriləcəyini bildiriblər.