Azərbaycan Respublikasının Gənclər Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə həyata keçirdiyi “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın ilk layihəsi olan – “Biznesini Yarat Marafonu”na həsr olunmuş onlayn görüş baş tutub. Görüşdə dövlət rəsmiləri, həmçinin gənclər təşkilatları və könüllü hərəkatlarının 1000-ə yaxın üzvü iştirak edib.
Tədbirdə çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədrinin müşaviri Nadir Adilov gənclərin məşğulluğunun artırılması və sahibkarlıq fəaliyyətinə dəstək verilməsi istiqamətində mövcud dövlət mexanizm və proqramları barədə məlumat verdilər. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətində əsas istiqamətlərdən birini gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sahibkarlıq təşəbbüslərinin (“start-up”) dəstəklənməsi təşkil edir.
Bu xüsusda, bir neçə layihəni özündə birləşdirən “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” gənclərin bilik və bacarıqlarının artırılması, innovativ ideyalarının reallaşdırılması, o cümlədən məşğulluqlarının təmin edilməsi, gənclərin əmək bazarında rəqabətə davamlılığının artırılması və mövcud potensiallarının reallaşdırılması imkanı yaradır. Proqramın ilk layihəsi olan “Biznesini yarat marafonu” gənclərin sahibkarlıq ideyalarına natura şəklində və maliyyə dəstəyinin verilməsini ehtiva edir.
“Biznesini yarat marafonu” bu günədək 500-dən çox gənc müraciət edib. Son müraciət tarixi 10 aprel 2021-ci ildir. Layihəyə qoşulmaq üçün 18-29 yaş kateqoriyasındakı gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa videoçarx şəklində proqramın veb saytında (www.gənc.az) və ya “GencAPP” mobil tətbiqində yerləşdirməlidir.