Noyabrın 10-da müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun döyüş meydanında əldə etdiyi ardıcıl zəfərlər nəticəsində Ermənistanın kapitulyasiyaya məcbur edilməsi və imzalanmış müvafiq bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarından işğalçı qüvvələrin çıxarılması ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə gənclər təşkilatlarının təmsilçiləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Ümummilli Liderin məzarı önündə gənclər bugünki qələbələrin memarı olan Ulu öndərə dərin hörmət və ehtiramlarını ifadə etmişlər. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən gənclər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu yad edərək, bu parlaq zəfərə gətirən yolda şəhidlərimizin müqəddəs rolunu qeyd etmişlər.
Ziyarət zamanı gənclər Müzəffər Ali Baş Komandanı vəsf etmiş, Azərbaycan bayraqlarını dalğalandırmışlar. Gənclər Azərbaycanın əzəli torpaqlarının 30 ilə yaxın davam etmiş işğalına son qoyduğu, 1 milyon qaçqın və məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmaq arzusuna qovuşmağına şərait yaratdığı üçün Azərbaycan gəncliyi adından Azərbaycan Respublikasının Prezidentinə təşəkkür etmişlər.