Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində rəşadətli ordumuzun döyüş meydanında qazandığı zəfərlər sayəsində Ermənistanla Azərbaycan arasında münaqişəyə ölkəmizin qələbəsi ilə son qoyulması münasibətilə, Azərbaycanın şanlı, yeni zəfər tarixinin yazıldığı 10 noyabr tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və gənclər təşkilatlarının nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edən nümayəndələr, Ulu Öndərə hörmət və ehtiramlarını ifadə ediblər. Daha sonra Şəhidlər Xiyabanı ziyarət edilərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu yad edilib, qazanılan qələbədə onların istisnasız rolu xatırlanıb.
Ziyarətdə iştirak edən gənclər yürüyüş edərkən, bayrağımızı dalğalandırıb, müxtəlif zəfər şüarları əks olunan plakatlar tutaraq, qələbəni qeyd ediblər. Eyni zamanda, bu şanlı zəfər və qələbə sevincini yaşatdığı üçün şanlı Azərbaycan Ordusuna və müzəffər Ali Baş Komandana öz təşəkkürlərini bildiriblər.