Azərbaycan Dillər Universitetində Gənclər Fondunun təqdimatı keçirilmişdir

167

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin başlanması ilə əlaqədar ali məktəblərdə təqdimatları  davam edir.
8 May tarixində Gənclər Fondunun təqdimatı Azərbaycan Dillər Universitetində keçirilmişdir.
Tədbirdə Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Ayşə Məhərrəmova bildirmişdir ki, mayın 15-dək davam edəcək müsabiqədə hər bir tələbə fəal iştirak edə bilər. Layihələr tələbələrin sosial vəziyyətinin, məişət şəraitinin, onların elmi və bədii yaradıcılığının inkişafını dəstəkləmək məqsədi daşımalıdır.
Ali məktəblərdə silsilə xarakterli təqdimatlar 10-cu qrant müsabiqəsində gənclərin və tələbələrin iştirakının fəallığını artırmaq, onları məlumatlandırmaq məqsədi ilə keçiriləcəkdir.
Görüşlərdə tələbələrə Fonda müraciət qaydaları, onlayn qeydiyyat, layihənin təqdim edilməsi ilə bağlı və digər zəruri məlumatlar verilir.
Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrinin məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir.
Qeyd edək ki, təqdimatların digər Ali məktəblərdə keçirilməsi də nəzərdə tutulmuşdur.