“Kreativ təşəbbüslərlə yaradıcı gənclik” layihəsi sona çatdı

458

Zaqatala rayon Mədəniyyət Evində rayon məktəblərinin təmsilçilərinin,  münsiflər heyətinin və dəvət olunmuş qonaqların iştirakı ilə yeniyetmə və gənclər arasında “İstedadların yarışı” adlı müsabiqə/festival keçirilmişdir.
3 ay müddətinə fərdi şəxs qismində Xanım Şabanova Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, eləcə də Zaqatala rayon Təhsil şöbəsi və Zaqatala rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə adıçəkilən rayonda “Kreativ təşəbbüslərlə yaradıcı gənclik” layihəsini icra edir. Layihənin həyata keçirilməsində əsas məqsəd davranışlara təsir üçün kommunikasiya (COMBI – Communication for Behavioural Impact) alətlərindən istifadə etməklə yaradıcı yeniyetmə və gəncləri dəstəkləmək, öz bacarıqlarını üzə çıxarmağa imkan yaratmaq və bununla da gənclərin münasibət və davranışlarında müsbət meylləri inkişaf etdirməkdir.
Layihə çərçivəsində Zaqatala rayonundan seçilən 3 hədəf məktəbdə (Humanitar fənlər Gimnaziyası, Zərifə Əliyeva adına Lisey, Tala 4 saylı tam orta məktəb) Gənc Könüllü Qrup yaradılıb, şagirdlərlə məlumatlandırma görüşləri keçirilib və yekun müsabiqəyə hazırlıq işlərinin görülməsi ilə bağlı tapşırıq verilmişdir. Layihə rəhbəri bununla bağlı seçilən şagirdləri mövcud müsbət nümunələr haqqında məlumatlandıraraq zəruri məlumat və ləvazimatları Gənc Könüllü Qrup vasitəsilə təmin edib.
Layihə komandası tərəfindən əvvəlcədən müəyyənləşdirilən seçim kriteriyalarına əsasən “İstedadların yarışı” adlı müsabiqə/festivalda Münsiflər heyəti tərəfindən 3 nominasiya üzrə (Ən yaxşı Aşpazlar qrupu, Ən yaxşı Teatr qrupu, Ən yaxşı Performans qrupu) qiymətləndirmə aparılmışdır. Hər üç nominasiya üzrə 1-ci yerin sahibləri diplom və hədiyyələrlə təltif edilmişdir. Yaradıcılıq qabiliyyəti ilə fərqlənən şagirdlər və Gənc Könüllü Qrup üzvləri sertifikatlarla təltif olunmuşdur.