Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir layihə həyata keçirilir

502

“Gənclər üçün turizm bələdçiliyi üzrə qış məktəbi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 16 yaşayış məntəqəsindən (Bakı, Bərdə, Daşkəsən, Füzuli, Gəncə, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Laçın, Lənkəran, Masallı, Naxçıvan, Neftçala, Sumqayıt, Zərdab) olan 26 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 3 günlük təlim kurslarının keçirilməsinə başlanılmışdır. Təlim kurslarında 14 nəfər qız və 12 nəfər oğlan iştirak edir. İctimai birliyin heyətindən başqa təlim kurslarında qonaq qismində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi cənab Nural Səfəralı, Lənkəran Turizm və İnformasiya Mərkəzinin direktoru cənab İlqar Əzimov, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Elbəy Fətəliyev, təlimçi qismində “Cənub Turizm” MMC-nin direktoru cənab Vamiq Babayev, ekspert qismində isə “İntellekt” Sərhədsiz Maarifçi Gənclər ictimai birliyinin sədri cənab Samir Axundov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.
Təlim kursunda işçi heyətlə iştirakçılar arasında turizm və turizm bələdçiliyi sahəsində bir çox mövzuların: “Turizm nədir? Kimlər turist hesab olunur? Turizm – Azərbaycanda neft sektorundan sonra ən perspektivli sahələrdən biri kimi, Azərbaycanın turizm sənayesi ilə bağlı mövcud statistika – turizmin inkişafında dövlət siyasəti, Azərbaycanın turizm sahəsi üzrə tanıdılmasında Turizm İnformasiya Mərkəzlərinin yeri və rolu, Azərbaycanda turizm infrastrukturunun vəziyyəti – mövcud turizm zonaları, Azərbaycanda turizm biznesinin artım tempi – regionaların sosial-iqtisadi inkişafında turizmin rolu, Ölkəyə gələn turistlərlə ölkədən gedən turistlər arasındakı saldo, Azərbaycanın turizm potensialı: büdcə gəlirlərinin böyük hissəsinin turizmdən əldə olunan vəsaitlər hesabına formalaşan ölkələr (Türkiyə təcrübəsi), Azərbaycanda turizmin inkişafı – turizm sahəsində investisiyaların cəlb olunması, Azərbaycan üçün turizm sahəsi üzrə prioritet ölkələr (ABŞ təcrübəsi), Azərbaycanda turizm sahəsində mövcud olan  problemlər: bahalı və qeyri-peşəkar xidmətlər, Azərbaycanda turizm sahəsində mövcud olan perspektivlər: tariflərin optimallaşdırılması, çarter aviareyslərin açılması və əlavə investisiyaların yatırılması, Turizmin dünya miqyasında inkişaf tempi: turizmin müasir problemləri və inkişaf perspektivləri (Almaniya təcrübəsi), Ümumdünya Turizm Təşkilatının proqnozları və Dünya İqtisadi Forumunun (DİF) rəqabətlilik reytinqində Azərbaycanın yeri, Turizm bələdçiliyi sahəsində peşəkar bələdçi-ekskursiya rəhbərlərinin – gənc turgidlərin hazırlanması mexanizmləri” müzakirə olunması və 3 günlük təlim sessiyası ərzində mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi nəzərdə tutulmuşdur. Təlim kursları ərzində işçi heyəti qeyri-formal və interaktiv təlim üsulları, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, rol oyunları, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi bir çox təlim metodlarından geniş istifadə olunmasını planlaşdırır.
Təlim kursunun sonunda bütün iştirakçılara sertifikatların verilməsi, eləcə də, gənclərə turizm və turizm bələdçiliyi barədə aidiyyəti təqdimatların verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 01 dekabr 2016-cı il – 28 fevral 2017-ci il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi ölkədə turizm sənayesini inkişaf etdirməkdən ötrü mövcud turizm xidmətinin səviyyəsini yüksəltmək, turizm bələdçiliyi sahəsində gənc mütəxəssislərin bilik və bacarıqlarını artırmaq və regionlarda turizm sahəsində peşəkar bələdçi-ekskursiya rəhbərlərinin – turgidlərin hazırlanmasını təmin etməkdir.
Əlavə edək ki, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 11 fevral 2017-ci il tarixində Lənkəranda MAGİYA ictimai birliyinin ofisində mətbuat konfransının təşkili də nəzərdə tutulmuşdur.