“Mən Vətən Torpağı, Vətən Daşıyam” layihəsinə start verilmişdir

129

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun VIII qrant müsabiqəsində qalib olmuş “MƏN VƏTƏN TORPAĞI, VƏTƏN DAŞIYAM” adlı layihə start götürmüşdür. Layihə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin dəstəyi ilə baş tutacaqdır.
Gənclərdə vətənpərvərlik ruhunun yüsəldilməsi ideyasını əsas məqsəd götürən layihə  ixtisasından  asılı olmayaraq Azərbaycan gəncliyinə doğru yönəlmişdir.
Layihə rəhbəri İlahə Qismətin verdiyi məlumata görə tədbirdə nüfuzlu şəxslərin iştirakı gözlənilir. Layihə çərçivəsində görkəmli hərbiçi simalarla görüş gənclərdə vətənpərvərlik duyğularının coşmasında əhəmiyyətli rol oynayacaqdır. Vətənə ömrünü həsr etmiş şəxslərin dilindən maariflənmək gənclərimizin gələcək həyatına işıq tutacaqdır və bu mühüm gün onların yaddaşında iz qoyacaqdır.
Müasir dövrdə gənc nəslin maraq dairəsinə daxil olan musiqi, onların psixalogiyasına olduqca asan təsir edə bilməkdədir. Bu təsir qüvvəsindən düzgün istiqamətdə yararlanmaq mühüm ideyadır. Həmçinin layihə çərçivəsində iştirakçılar həm tanınmış, professional, xalq artistlərinin və əməkdar artislərin, həmçinin də gənc musiqiçilərin ifasında sevilən marş və patriotik mahnıları eşidə biləcəklər. İfa olunacaq əsərlər sırasında yetişməkdə olan gənc bəstəkar və şairlərin vətənpərvər  əsərləri də yer alacaqdır. Bu vəsilə ilə gənc musiqiçilərin də marş və mahnıları geniş auditoriyada təbliğ olunacaq və tanınacaqdır. Gənclərin belə musiqilərə olan marağı bu yolla  stimullaşdırılacaqdır.
Layihə 25 noyabr 2016-cı il saat 16.00-da Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (ünvan: Bakı şəh. akademik Ş.Mehdiyev küç.76) keçiriləcəkdir.