“Gənclər arasında sənətkarlığın təbliği məqsədilə təlimlərin təşkili” layihəsi başa çatıb

350

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclər arasında sənətkarlığın təbliği məqsədilə təlimlərin təşkili” layihəsi çərçivəsində 15-16 oktyabr 2016-cı il tarixlərdə Şəki şəhər Mərkəzi rayon Kitabxanasının oxu zalında sənətkarlıq sahəsi ilə maraqlanan və bu peşələrə yiyələnmək istəyən gənclər üçün təlimlər təşkil olundu.
15 oktyabr 2016-cı il tarixdə həyata keçirilən təlimi ilk öncə, layihənin rəhbəri Rəvanə Hüseynova tədbiri açıq elan etdi və o, Azərbaycan Gənclər Fondu və həyata keçirdiyi layihə haqqında, layihənin məqsəd və vəzifələri barədə təlim iştirakçılarına geniş məlumat verdi. Əvvəlcə o, bu layihənin həyata keçirilməsinə dəstək olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna, şəxsən Fondun direktoru cənab F. Hacıyevə, təşkilati dəstək olan Şəki rayon İcra Hakimiyyətinin, Şəki şəhər Gənclər və İdman İdarəsinin, Şəki Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyinə, texniki dəstək göstərən Şəki şəhər “Nakam” adınaŞəki Mərkəzi kitabxananın və “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbərliyinə öz təşəkkürünü bildirdi. O, layihə çərçivəsində görüləcək işlər haqqında da geniş məlumat verərək bildirdi ki, bu gün Dövlətimiz regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayan layihələri gənclərə həvalə edir. Hal-hazırda yüzlərlə gənclər müxtəlif layihələr çərçivəsində tədbirlər həyata keçirir, görüşlər və sərgilər təşkil edirlər. Mən də, bir ictimaiyyətçi kimi, öz bilik və bacarığım sayəsində bizim regionun sosial-iqtisadi inkişafında mühüm rol oynayan gəncləri ətrafıma toplamışam və istəyirəm ki, regionun sosial-iqtisadi inkişafı üçün vacib olan sənətkarlıq və sənət növləri barədə maarifləndirici təlimlər təşkil edim. Bu məqsədlə də, “Region gəncləri və sənətkarlıq” mövzularında təlimlər təşkil edərək gənclər arasında sənətkarlığı təbliğ edim.
Sonra o, sözü Şəki Sənətkarlar Assosiasiyasının üzvü təlimçi M. Nağıyevə ünvanladı. Təlimçi M.Nağıyev, əvvəlcə təlim iştirakçılarını salamladı, onlarla yaxından tanış oldu və təlimin gündəliyini onlarla müzakirə etdi. Təlimlər üçün seçilmiş mövzular gənclərə izah olundu və təlimlərin onların təklifləri, arzu və istəkləri əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edildi.
Təlimçi, yaşadığımız regionun həqiqətən də son illər daha da inkişaf etdiyini önə gətirdi və bir çox misallar göstərdi. Daha sonra, əvvəlcədən hazırlanmış təqdimata uyğun təlimlərə start verildi. Mövzular başa çatdıqdan sonra iştirakçılar üçün çay fasiləsi təşkil olundu. Çay fasiləsindən sonra, təlim iştirakçılarına söz verildi. Əvvəlcə gənc sənətkarlar və ekspert qismində dəvət olunmuş qonaqlar çıxış etdilər. Onlar da, öz çıxışlarında regionların, o cümlədən də rayonumuzun sosial-iqtisadi inkişafında böyük irəliləyişlərin olduğunu qeyd etdilər. Çıxış edən gənc sənətkarlar Xəyalə Hacıismayılova və Ebru sənətinin sirlərini dərindən bilən gənc sənətkar Şəbnəm Məsimova sənətkarlıqla uzun zamandır məşqul olan və sənət əsərləri ilə ad qazanan bir çox formada və üslubda Azərbaycan bayrağını tərənnüm edən Bayraqdar xanım  Gülşad Nurani öz fəaliyyətlərindən və regionun sosial-iqtisadi inkişafında əllərindən gələni əsirgəmədiklərindən danışdılar. Onlar özlərinin sənət əsərlərini nümayiş etdirdilər. Sonda, layihə rəhbəri çıxış edərək bir daha gənclərə öz minnətdarlığını bildirdi.
16 oktyabr 2016-cı il tarixdə də “Nakam” adına Mərkəzi kitabxanada təlim davam etdirildi. Həmin təlimi təlimçi M. Nağıyev açdı və növbəti “Sənətkarlıq haqqında ilkin məlumat” mövzusunda iştirakçılara məlumatlar verdi. Həmin təlimdə də, ekspert, Azərbaycan Respublikası Rəssamlar İttifaqının Şəki rayon şöbəsinin rəhbəri Tahir müəllim sənətkarlıq növləri haqqında geniş məlumat verdi və gənclərin çoxsaylı suallarını cavablandırdı. Ekspertlər gənclərə bu sahədə öz dəyərli məsləhətlərini verdilər.
Hər iki təlim foto və video lentə alındı.