“Çiçək əllər” layihəsi çərçivəsində “İlmə ilə toxuma” öyrədici məşğələ keçirilmişdir

321

30 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəsdəyi ilə Zaqatala rayonunda “Çiçək əllər” layihəsinin ilk məşğələsi keçirilmişdir. Məşğələdə 10 yeniyetmə gənc və digər yaş qrupundan olan insanlar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Könül Quliyeva fərdi gənclərin, xüsusilə fiziki qüsurlu gənclərin layihələrinə dəstək verdiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna öz minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, rayon rəhbərliyi, şəxsən Zaqatala rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə də ona layihəni həyata keçirmək üçün şərait yaratmış, ofis üçün otaq ayırmışdır. Könül Quliyeva   iştirakçıları layihənin məram və məqsədi ilə tanış etmişdir. Qeyd etmişdi ki, layihə çərçivəsində keçirilən məşğələlərdə qızlara həm toxuma, həm də tətbiqi sənət nümunələrinin hazırlanması öyrədiləcək. Məqsəd gənc qızlara toxuma və tətbiqi sənəti öyrətmək, onlarda bu bacarıqları aşılamaqdır.
Tədbirdə iştirak edən rayon gənclər və idman idarəsinin rəisi Araz Əliyev bildirmişdir ki, Könül Quliyevanın fiziki qüsurlu olmasına baxmayaraq özünü cəmiyyət həyatından ayırmaması, hətta Gənclər Fondundan layihə götürməyə nail olması alqışa layiqdir. Onun bu əzmi bütün gənclərimizə  örnək olmalıdır. Könülə bu işdə ehtiyac duyulan hər cür dəstəyi göstərəcəyik. Layihənin işinə uğurlar arzulayıram.
“Yeni Fikir” JHİB-nin sədri E.Mehdiyeva bildirmişdir ki, fiziki şəxs kimi Könül bu layihəyə imza atmışdır. Onun gözəl toxuculuq qabiliyyəti var və tətbiqi sənət nümunələrini də məharətlə hazırlayır. Könül bu bilgilərini qızlarmıza öyrətmək istəyir. Onun bu missiyası alqışa layiqdir. Layihənin işinə uğurlar arzu edirəm. Bu Könülün ilk işidir. Bu işi ilə Könül çoxlarına nümunə olacaq.
İştirakçılar ilk məşğələdə Könülün əl işləri ilə tanış olmuşlar. Bu əl işlərini bir-bir izah edən layihə rəhbəri Makrami sənəti haqqında xüsusilə geniş məlumat vermişdir. O qeyd etmişdi ki, Makrami qədim əl işi sənətidir. Şərqdə ta qədimdən Makrami toxuma işlərinə şox önəm verilib. Qadınlar bu sənət nümunələrini sevirlər. Çalışacağam ki, sizlərə də Makramini öyrədim.
İştirakçı Həpisət bildirmişdir ki, layihənin işinə dəvət edildiyi üçün sevinir. Çünki o da əlil arabası ilə hərəkət edir və toxuma işinə marağı var. 22 yaşlı Həpisət gələcəkdə özünün də Fonda müraciət etmək fikri olduğunu bildirir: “Mənim də fikirlərim var, Könülün bu addımı məni də cəsarətləndirdi. Deməli, fiziki qüsur arzularımızı həyata keçirməkdə bizə əngəl ola bilməz.”
Sonra iştirakçılara  ilmə ilə işləmənin qaydaları öyrədilmişdir.