Gənclər Fondu 8-ci qrant müsabiqəsini elan etdi

410

2015-ci il dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 15-ci iclası keçirilmişdir. Toplantının gündəliyinə 8-ci qrant müsabiqəsinin elan edilməsi, fiziki şəxslərə beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi qaydalarına dəyişikliklərin edilməsi, Fondun fəaliyyətini tənzimləyən bir sıra normativ hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması və s. məsələlər daxil edilmişdi.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 2012-2015-ci illərdə Fond tərəfindən keçirilmiş 7 müsabiqə çərçivəsində gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin 2333 layihəsinin dəstəkləndiyini, onların həyata keçirilməsi üçün 13,5 milyon manatdan artıq vəsaitin ayrıldığını bildirmişdir. Qeyd etmişdir ki, yeni elan ediləcək müsabiqə də, əvvəlkilər kimi, ilk növbədə gənclərin intellektual, fiziki və mənəvi inkişafına, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında onların fəal iştirakının təmin edilməsinə yönəlmişdir. İclasda aparılan müzakirələr nəticəsində “A” kateqoriyası (yerli layihələr) üzrə 12, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 4, “C” kateqoriyası (fərdi layihələr) üzrə 13 istiqamət təsdiq edilmiş, layihələrin təqdim olunması üçün 1 ayadək müddət (18 dekabr 2015-ci il – 15 yanvar 2016-cı il) müəyyənləşdirilmişdir. Müsabiqənin istiqamətləri sırasına dini radikallıq və ekstremizmə qarşı maarifləndirici tədbirlərin təşkili, internat və uşaq evləri məzunlarının, eləcə də penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yeniyetmə və gənclərin sosial adaptasiyasına yardım, 2017-ci ildə Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı təbliğat kampaniyasına ictimai dəstək və s. yeni mövzular əlavə edilmişdir.
İclasda “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi Qaydaları”na dəyişikliklərin layihəsi müzakirəyə çıxarılmışdır. Layihəni təqdim edən Fondun icraçı direktoru Fərhad Hacıyev bildirmişdir ki, bu qrantların 16-29 yaşlı tədqiqatçılara, ictimai fəal, istedadlı və yaradıcı gənclərə verilməsi nəzərdə tutulmuşdur. Eyni şəxs il ərzində Fonddan bir dəfə səfər qrantı ala bilər. Sənəddə göstərilir ki, Fond beynəlxalq tədbirdə iştirak üçün tələb olunan nəqliyyat və ya yaşayış xərclərindən yalnız birini ödəyə bilər. Bir neçə şəxs eyni tədbirdə iştirak etmək üçün müraciət edərsə, onlardan yalnız birinə qrant verilə bilər. Ayrılmış vəsaitin 70 faizi səfərdən əvvəl, qalan hissəsi isə səfər başa çatdıqdan və hesabat təqdim edildikdən sonra ödənilir. Fond qrantın təyinatı üzrə xərclənmədiyini, resipiyentin beynəlxalq tədbirdə iştirak etmədiyini və ya digər pozuntuları aşkar edərsə, onun maliyyə dəstəyi almaq imkanlarını 2 ilədək müddətə məhdudlaşdıra, dayandıra və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər tədbirlər görə bilər. Dəyişikliklərin layihəsi və ona əlavə olunmuş hesabat forması müzakirələrdən sonra Müşahidə Şurası tərəfindən təsdiq edilmişdir.
İclasda Fondun fəaliyyətini tənzimləyən bir sıra normativ hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı müzakirə aparılmış, müvafiq təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması barədə qərar qəbul olunmuşdur.
İclasın gündəliyindəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri – gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev, Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, sektor müdirləri Vaqif Seyidbəyov və Orxan Ərəbov iştirak etmişlər.