Reqlament

                                                                                       Azərbaycan Respublikasının
                                                                                       Gənclər Fondunun Müşahidə
                                                                                       Şurasının 04 oktyabr 2018-ci il
                                                                                       tarixli Q-03 nömrəli Qərarı
                                                                                       ilə təsdiq edilmişdir.

 

AZƏRBAYCAN RESPUBLİKASININ GƏNCLƏR FONDUNUN MÜŞAHİDƏ ŞURASININ

REQLAMENTİ

 I Ümumi müddəalar

1.1. Bu Reqlament Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”nə əsasən yaradılmış Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının (bundan sonra – Şura) fəaliyyətinin təşkilini, üzvlərinin hüquq və vəzifələrini müəyyən edir.
1.2. Şura Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsinin 4.2-ci bəndi ilə ona verilmiş səlahiyyətlər daxilində Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra – Fond) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirən orqandır.

II Şuranın tərkibinin formalaşması

2.1. Şura, onun sədri də daxil olmaqla 9 (doqquz) üzvdən ibarətdir.Şuranın 4 (dörd) üzvü müvafiq dövlət orqanlarını, digər 4 (dörd) üzvü isə gənclər siyasəti sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və ictimai birlikləri təmsil edir.
2.2. Şura üzvlərini Azərbaycan Respublikası Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
2.3. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir.

         III. Şura üzvlərinin hüquq və vəzifələri

3.1. Şuranın sədri və üzvlərinin aşağıdakı hüquqları vardır:
3.1.1. Şuranın sədri:
3.1.2. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;
3.1.3. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslarda sədrlik edir;
3.1.4. Öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya icraçı direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
3.1.5. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür;
3.1.6. İclası açıq elan edir, gündəliyə çıxarılan məsələlər haqqında Şura üzvlərinə məlumat verir və gündəliyə əlavələrin olub-olmamasını aydınlaşdırır;
3.1.7.İclasın gündəliyindəki məsələləri səsə qoyur, onların müzakirəsini təşkil edir;
3.1.8. Şuranın üzvlərinə, həmçinin dəvət edilmiş digər şəxslərə çıxış üçün söz verir;
3.1.9. qərarların qəbulu üçün açıq səsverməni təşkil edir.
3.2. Şura üzvləri:
3.2.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
3.2.2. Şuranın iclasının gündəliyi ilə baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
3.2.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
3.2.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər verirlər;
3.2.5. Şuranın qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar;
3.2.6. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşır;
3.2.7. Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol vermir, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər;
3.2.8. Şurada baxılan məsələlər haqqında qərar qəbul edilənədək məsələnin mahiyyətinə dair ictimaiyyət qarşısında fikir söyləmir;
3.2.9. Şuranın iclası zamanı Şura üzvünün etik qaydalara riayət etməməsi, iclası pozmağa cəhd göstərməsi, etiraz əlaməti olaraq iclas zalını tərk etməsi kimi hərəkətlər yolverilməzdir. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.

  IV Şuranın işinin təşkili

4.1. Şuraya Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir.
4.2. Şuranın sədri Nizamnamə ilə müəyyən edilmiş müddətdə Şuranın iclaslarını cağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya icraçı direktor çıxış edir.
4.3. Şuranın iclasları Şura üzvlərinin hamısı iştirak etdikdə səlahiyyətlidir. Nizamnamənin 4.9-3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla.
4.4.Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.5. Yazılı bildirişlər Şura üzvlərinə Şuranın katibi tərəfindən çatdırılmasını təsdiq edən sifarişli məktubla, teleqramla, kuryerlə, faksla və ya elektron poçt vasitəsi ilə göndərilir. Bildirişdə növbəti iclasın keçirildiyi ünvan, gün və vaxt göstərilir.
4.6. Şuranın üzvü iclaslarda şəxsən iştirak etməlidir. Şuranın üzvü iclasda iştirak edə bilmədiyi təqdirdə o, Şura sədrini əvvəlcədən məlumatlandırmalıdır.
4.7. Şuranın iclaslarına sədrliyi Şuranın sədri, katiblik işini isə Şuranın katibi yerinə yetirir.
4.8. Şuranın sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrası Şuranın sədri tərəfindən təsdiq edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilir.
4.9. Şuranın iclasında icraçı direktor da iştirak edə bilər.
4.11. Şuranın katibi Fondun əməkdaşları sırasından Şuranın sədri tərəfindən təyin olunur.
4.12. Şuranın katibi aşağıdakı vəzifələri icra edir:
4.12.1. Şura sədri tərəfindən həvalə edilmiş bütün tapşırıqları yerinə yetirir, Şuranın arxivini yaradır və onu lazımi qaydada saxlayır;
4.12.2. Şuranın iclaslarının keçirilməsi üçün hazırlıq işləri aparır, iclasların təşkil edilməsi ilə bağlı zəruri məsələləri həll edir;
4.12.3. Şuranın iclaslarında baxılması nəzərdə tutulan materialları hazırlayır, zərurət yaranarsa sənədlərin tərcüməsini təmin edir və onları Şuranın üzvlərinə çatdırır;
4.12.4. Şuranın iclaslarının gündəlik və protokollarını Şuranın üzvlərinə çatdırılmasını, zərurət yaranarsa imzalanan protokolların Şura üzvlərindən alınmasını təmin edir;
4.12.5. Şuraya daxil olan və Şuradan xaric olan sənədlərin, iclaslarda qəbul olunan qərarların qeydiyyatını aparır, sənədlərin külliyyatını yaradır;
4.12.6. Şuranın katibi iclasda iştirak etmədikdə, Şuranın qərarı ilə onun funksiyasını Şura üzvlərindən biri həyata keçirir.
4.13. Şuranın iclasında ümumi prosedura aşağıdakı qaydada aparılır:
4.13.1. Şuranın iclası başlayan zaman iclasda sədrlik edən yetərsayın olub olmamasını müəyyən edir. Şura üzvü iclasda iştirak etməyəcəyi barədə öncədən məlumat veribsə bu, elan olunur. Əgər yetərsay yoxdursa və Şura üzvü iclasda iştirak etməyəcəyi barədə əvvəlcədən məlumat verməyibsə, yetərsay müəyyən edilməsi üçün iclasın başlanma vaxtından 1 (bir) saat keçənədək iclas açıq elan olunmur. Bu müddət ərzində yetərsay müəyyən edilməzsə, Şura sədri iclası başqa vaxta təxirə salır;
4.13.2. Şuranın iclasında yetərsay müəyyən edildikdən sonra Şura sədri iclası açıq elan edir və gündəlik barədə məlumat verir;
4.13.3. Şuranın iclasında hər hansı məsələ ilə əlaqədar çıxış etmək üçün Şura həmin məsələ üzrə mütəxəssisləri və Fondun işçilərini dəvət edə bilər;
4.13.4. Şuranın sədri və ya üzvü təklif edərsə və Şura bu təklifi sadə səs çoxluğu ilə dəstəkləyərsə, hər hansı məsələnin müzakirəsi dayandırılaraq bu məsələyə dair tam məlumatın alınması tövsiyə edilir.
4.14. Aşağıdakı hallarda Şuranın iclası təxirə salına və ya başlanmış iclas başqa vaxta keçirilə bilər:
4.14.1. yetərsay olmadıqda;
4.14.2.iclasla əlaqədar tələb olunan sənədlər və materiallar Şura üzvlərinə təqdim edilmədikdə;
4.14.3.gündəliyə çıxarılan məsələləri bir iş günü ərzində müzakirə etmək mümkün olmadıqda;
4.14.4.Şuranın iclasında baxılan məsələlərin hərtərəfli və obyektiv araşdırılmasına maneçilik törədə biləcək başqa hallar olduqda.
4.15. Şuranın iclasları müvafiq qaydada protokollaşdırılır, protokolu sədr, katib və üzvlər imzalayır. İclasın protokolunda iclasın yeri, vaxtı, iştirakçıları, gündəliyi, çıxışların xülasəsi, səsvermənin nəticələri və iclasın qərarları əks etdirilir.
4.16. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.17. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

 V Şuranın qərarları

5.1. Şura Fondun Nizamnaməsi və bu reqlament ilə müəyyən edilmiş səlahiyyətləri daxilində Fondun fəaliyyəti barəsində qərarlar qəbul edir.
5.2. Şuranın qərarları iclasda iştirak edən Şura üzvlərinin hər üzvü bir səsə malik olmaqla, açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda iclasa sədrlik edənin səsi həlledici hesab edilir;
5.3. Əgər Şura tərəfindən başqa hal nəzərdə tutulmayıbsa, qərarlarla bağlı səsvermə əllərin qaldırılması yolu ilə həyata keçirilir.
5.4. Müşahidə Şurasının növbədənkənar iclasları keçirildikdə, müstəsna hallarda Şura üzvü gündəlikdə olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməklə (“lehinə” və ya “əleyhinə”), imzası qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməklə, yazılı sənəd vasitəsi ilə səsvermədə qiyabi iştirak edə bilər.
5.5. Qəbul edilmiş qərarla razılaşmayan Şura üzvü yazılı formada xüsusi rəy bildirə bilər. Həmin rəy Şuranın iclasının protokoluna əlavə edilir.

VYekun müddəalar

6.1. Bu reqlamentə əlavə və dəyişikliklər edilməsi barədə təkliflərə Şuranın iclasında baxılır.
6.2. Reqlamentə əlavə və dəyişikliklər Şuranın qərarı ilə edilir.