Nizamnamə

Azərbaycan Respublikasının Gənclər Fondunun NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında yaradılmış, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasını təmin edən publik hüquqi şəxsdir.

1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

1.7. Fond Bakı şəhərində yerləşir.

2. Fondun fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri[1]

2.1. Fondun fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları (bundan sonra – layihə) qrant şəklində məqsədli maliyyələşdirməkdən, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkilindən, habelə gənclərə maliyyə köməyi nəzərdə tutan layihələri dəstəkləməkdən ibarətdir.

2.2. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

2.2.2. gənclər siyasəti sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

2.2.3. gənclərin, gənclər təşkilatlarının, eləcə də gənclər siyasətinin həyata keçirilməsində iştirak edən dövlət və yerli özünüidarəetmə orqanlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsi ilə bağlı innovativ ideyalarını dəstəkləmək;

2.2.4. gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaxından iştirakını təmin etmək, onların təşəbbüskarlığının stimullaşdırılması və artırılması istiqamətində tədbirlər görmək.

3. Fondun vəzifələri və hüquqları

3.1. Fond, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edir;

3.1.1-1. gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.1.1-2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən olunmuş hallarda normativ xarakterli akt qəbul edir;

3.1.2. Fondun fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.1.3. bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun olaraq, gənclər siyasəti sahəsində layihələrin həyata keçirilməsini və qrant maliyyələşdirilməsini təşkil edir;

3.1.3-1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda göstərilmiş qurumların gənclər siyasəti sahəsində Azərbaycan Respublikasının hüquqi şəxsləri olan qeyri-hökumət təşkilatlarına verdiyi qrantlar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzuları Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə qiymətləndirir və bu qrantlara dair rəy verir;[2]

3.1.4. layihələrin həyata keçirilməsi üçün Fondun vəsaitinin xərclənməsi istiqamətlərini müəyyən edir;

3.1.5. layihələrin qrant maliyyələşdirilməsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müsabiqələrin keçirilməsini təşkil edir və onların nəticələrini açıqlayır;

3.1.6. Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələrin Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Fondun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydası”na uyğun olaraq ekspertizadan keçirilməsini və monitorinqini təşkil edir;[3]

3.1.7. gənclər siyasəti sahəsində dövlət proqramlarından irəli gələn layihələrin maliyyələşdirilməsinə üstünlük verir;

3.1.8. gənclərin inkişafını təmin edən regional və beynəlxalq proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.1.9. sosial müdafiəyə xüsusi ehtiyacı olub təhsil alan gənclərə təhsil müddətində təhsil xərclərinin (təhsil haqqı, yaşayış xərcləri (yataqxana və ya ev kirayəsi), gündəlik yemək xərcləri, zəruri tədris vəsaitləri və ləvazimatı ilə təminat xərcləri və nəqliyyat xərcləri (yaşadığı ünvandan tədris müəssisəsinin yerləşdiyi ünvana gediş-gəliş xərci, habelə təhsil müəssisəsi onun daimi yaşadığı şəhərdən (rayondan) kənarda yerləşdikdə, ildə 2 (iki) dəfə həmin şəhərə (rayona) gediş-gəliş xərci) ödənilməsi üçün Fondun vəsaiti hesabına, bu Nizamnaməyə uyğun olaraq maliyyə dəstəyi göstərir;[4]

3.1.9-1. gənclərin və gənclər təşkilatlarının beynəlxalq tədbirlərdə iştirakını maliyyələşdirir;[5]

3.1.10. ixtisas və təhsil proqramları üzrə ölkənin ehtiyacları nəzərə alınmaqla, Fondun vəsaiti hesabına gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilini, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakını bu Nizamnaməyə uyğun olaraq maliyyələşdirir;[6]

3.1.11. gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə bu Nizamnaməyə və işəgötürənlə bağlanmış razılaşma müqaviləsinə uyğun olaraq, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqını 1 (bir) ildən çox olmayan müddət ərzində Fondun vəsaiti hesabına qismən maliyyələşdirir;

3.1.12. Fonda ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

3.1.13. Fondun ayırdığı vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarət edir, həmin vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə, maliyyələşdirmənin dayandırılması və verilən vəsaitin qaytarılması üçün tədbirlər görür;

3.1.14. dövlət orqanları, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşdirilən məqsədli proqram və layihələrin həyata keçirilməsində iştirak edir;

3.1.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq, istedadlı və fəal gənclərin mükafatlandırılmasını təmin edir;[7]

3.1.16. yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələrini dəstəkləyir;

3.1.17. kadr hazırlığını stimullaşdırır, peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir, istedadlı gənclərin və gənc alimlərin məlumat bankını yaradır;[8]

3.1.17-1. Fondun əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür;[9]

3.1.18. gənclər təşkilatlarının maddi-texniki inkişafı yolu ilə vətəndaş cəmiyyətini və ictimai təşəbbüskarlığı dəstəkləyir;

3.1.19. gənclərin internet media sahəsində inkişafını dəstəkləyir;

3.1.20. animasiya və bədii filmlər vasitəsilə gənclərin Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərinə, dövlət rəmzlərinə hörmət, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirmək üçün tədbirlər görür;

3.1.21. gənclərin ekoloji maarifləndirilməsi məqsədilə onlar arasında müxtəlif tədbirlər, o cümlədən təlimlər və tətbiqi layihələr həyata keçirir;

3.1.22. beynəlxalq əməkdaşlığın genişləndirilməsi vasitəsilə ölkənin beynəlxalq səviyyədə mövqeyinin möhkəmləndirilməsində iştirak edir;

3.1.23. gənclərin, o cümlədən əcnəbi gənclərin Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərini dəstəkləyir;

3.1.24. Azərbaycanın təqdimatına və təbliğinə yönəldilmiş layihələri dəstəkləyir;

3.1.24-1. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir;[10]

3.1.25. gənclərin vəziyyətinin öyrənilməsi, müvafiq statistik məlumatların toplanması istiqamətində iş aparır;

3.1.26. gənclərin təhsili, sağlamlığı, peşəyönümü, məşğulluğu, inkişafı, asudə vaxtının səmərəli təşkili üçün zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanması və yayılması üzrə layihələrin həyata keçirilməsinə kömək edir;

3.1.27. bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun olaraq gənclərin təqdim etdikləri innovativ layihələrin (startap) maliyyələşdirilməsi üçün Fondun vəsaiti (qrantlar istisna olmaqla) hesabına Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə güzəştli kreditlər ayırır;

3.1.28. Fondun bu Nizamnamənin 3.1.27-ci yarımbəndində göstərilən vəsaiti hesabına güzəştli kreditin alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxır və bu Nizamnamənin 3.1.6-cı yarımbəndinə uyğun olaraq keçirilən ekspertizanın rəyindən asılı olaraq, həmin müraciətlərin təmin olunması və ya imtina edilməsi barədə müvafiq qərarlar qəbul edir;

3.1.29. gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı infrastrukturun, o cümlədən gənclər evlərinin maddi-texniki bazasının modernləşdirilməsinə və gücləndirilməsinə yardım göstərir;

3.1.30. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin edir;

3.1.31. Fondun informasiya təminatını və onun təhlükəsizliyini təşkil edir;

3.1.32. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

3.1.33. Fondun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

3.1.34. Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;[11]

3.1.35. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

3.2. Fond öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları həyata keçirir:

3.2.1. beynəlxalq əlaqələr qurur, beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq edir;[12]

3.2.1-1. gənclər siyasəti sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif verir;[13]

3.2.2. gənclər siyasəti sahəsində beynəlxalq təcrübəni öyrənir və xaricdə fəaliyyət göstərən müvafiq qurumlarla təcrübə və informasiya mübadiləsi aparır;

3.2.3. bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun olaraq, Azərbaycan Respublikasında və xarici ölkələrdə hüquqi və fiziki şəxslərlə işgüzar münasibətlər qurur;

3.2.4. bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun olan layihələrin maliyyələşdirilməsi məsələsini həll edir;

3.2.5. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə gənclər siyasəti sahəsində zəruri məlumatlar (sənədlər) barədə sorğu verir və onlardan məlumatlar (sənədlər) alır;

3.2.6. Fondun fəaliyyətini, o cümlədən maliyyələşdirdiyi layihələrin mühüm nəticələrini ölkə daxilində və xaricdə təbliğ edir;

3.2.7. Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələrin bu Nizamnamənin 3.1.6-cı yarımbəndinə uyğun olaraq ekspertizadan keçirilməsi üçün kənar mütəxəssisləri (ekspertləri) cəlb edir;

3.2.7-1. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər verir, təhlillər və ümumiləşdirmələr aparır, analitik materiallar hazırlayır;

3.2.7-2. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirir və digər tədbirlər təşkil edir;

3.2.7-3. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim edir, onların həvəsləndirilməsi üçün tədbirlər görür;[14]

3.2.8. xüsusi bülletenlər və digər nəşrlər buraxır;

3.2.9. Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görür;

3.2.10. öz fəaliyyətinə könüllüləri cəlb edir;

3.2.11. gənclər siyasəti sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;

3.2.12. istifadəsində olan əmlaka münasibətdə qanunla nəzərdə tutulmuş hüquqları həyata keçirir;

3.2.13. Fondun balansında olan dövlət əmlakını qanunvericiliyə uyğun olaraq icarəyə verir və ya ondan istifadə edir;

3.2.14. vəzifələrinin yerinə yetirilməsi məqsədilə təsərrüfat cəmiyyətləri yaradır və ya onlarda iştirak edir;

3.2.15. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirir.

4. Fondun idarə olunması

4.1. Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Fondu Müşahidə Şurası və İcraçı direktor idarə edirlər.

4.3. Fondun Müşahidə Şurası (bundan sonra – Şura) Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şura, onun sədri də daxil olmaqla, doqquz üzvdən ibarətdir. Şura üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.6. Şura qərar qəbul etməkdə müstəqildir.

4.7. Şura aşağıdakı vəzifələri yerinə yetirir:

4.7.1. Fondun inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən edir;[15]

4.7.1-1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir və sənədlər (o cümlədən Qurumun maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir;

4.7.1-2. Fondun fəaliyyətinə nəzarət edir;[16]

4.7.2. Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxır və qərar qəbul edir;

4.7.3. Fondun fəaliyyətinə dair illik hesabatı dinləyir;

4.7.4. Fondun kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

4.7.4-1. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

4.7.4-2. qrant müsabiqələrini elan edir və müsabiqənin nəticələrinə görə qalib elan edilmiş gənclərin və gənclər təşkilatlarının proqram və layihələrini müəyyən edir, habelə müsabiqənin nəticələri barədə məlumatları dərc edir;

4.7.4-3. bu Nizamnaməyə uyğun olaraq, layihələrin qrant müsabiqəsindən kənar maliyyələşdirilməsi üçün Fondun ayıracağı vəsaitin həcmini müəyyən edir;[17]

4.7.5. Fondun strukturunu, əməkhaqqı fondunu işçilərinin say həddini və əməkhaqlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edir, Fondun əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirir;[18]

4.7.6. təsisçinin razılığı ilə Fondun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;[19]

4.7.6-1. normativ xarakterli aktları təsdiq edir;

4.7.6-2. maliyyə planlaşdırmasını və büdcəsini təsdiq edir;

4.7.6-3. İcraçı direktorun fəaliyyətinə nəzarət edir və onun fəaliyyətini yoxlayır;

4.7.6-4. təsisçinin razılığı ilə Fondun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;[20]

4.7.7. Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq edir;[21]

4.7.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçir.[22]

4.8. Şuranın sədri bu Nizamnamə ilə müəyyən olunmuş müddətdə Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçıdirektor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin hamısı iştirak etdikdə səlahiyyətlidir (bu Nizamnamənin 4.9-3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla). Şuranın iclasında qərarlar, hər üzv bir səsə malik olmaqla, açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.[23]

4.9. Şuranın sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrası Şuranın sədri tərəfindən təsdiq edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilir.

4.9-1. Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.9-2. Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər.

4.9-3. iclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.9-4. gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə bilməz.[24]

4.10. Şuranın sədri:

4.10.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

4.10.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslarda sədrlik edir;

4.10.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İcraçı direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;[25]

4.10.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.11. Şuranın üzvləri:

4.11.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.11.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.11.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.11.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər verirlər;

4.11.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.12. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.[26]

4.13. Fondun cari fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor rəhbərlik edir. İcraçı direktor Fonda həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə cavabdehdir.

4.14. İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad etdiyi iki müavini vardır. İcraçı direktorun müavinləri icraçı direktor tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirirlər. İcraçı direktor müvəqqəti olmadıqda, müvafiq əmrlə onun müavinlərindən biri onu əvəz edir.

4.15. İcraçı direktor aşağıdakı vəzifələri yerinə yetirir:

4.15.1. Fondun fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və Fondu təmsil edir;

4.15.1-1. fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;[27]

4.15.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir və sənədlər təqdim edir;[28]

4.15.3. Şuranın qərarlarını icra edir;[29]

4.15.4. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Şuraya təkliflər verir və sənədlər təqdim edir;

4.15.5. Fondun strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

4.15.6. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır;[30]

4.15.7. aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.15.8. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Fondun Aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.15.9. bu Nizamnamənin 3.1.12-ci yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;[31]

4.15.10. Bu Nizamnamənin 3.1.1-1-ci və 3.2.1-1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür;[32]

4.15.11. Fondun əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasını təmin edir;

4.15.12. Fondun fəaliyyət istiqamətləri üzrə dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

4.15.13. Fondun işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasını, vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.15.14. fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan sərəncam və əmrlər verir;[33]

4.15.15. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Fondun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.15.16. Bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;[34]

4.15.17. Fondun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.15.18. Fondun fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.15.19. Fondda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.15.20. Fondda vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

4.15.21. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

4.16. Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

5. Fondun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Fondun ilkin nizamnamə fondu 115 000 (yüz on beş min) manatdır.

5.2. Fondun əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə edilmiş gəlirdən, ianələrdən, qrantlardan, cəlb olunan investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

5.3. Fond öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Fond öz təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Fond, sərəncamında olan vəsaitdən bu Nizamnaməyə uyğun olaraq, Fondun xərclər smetası əsasında istifadə edir.

5.6. Maliyyə ilinin sonuna Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

6. Fondun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Fondun fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
6.2. Fondun fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

7.

    Fondda uçot və hesabat

    7.1. Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

    7.2. Fond “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

    7.3. Fond filial, nümayəndəlik, idarə və təsərrüfat cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

    7.4. Fond öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

    8. Fondun ləğvi və yenidən təşkili

     Fondun ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.