Monitorinqin aparılması qaydası

Azərbaycan Respublikasının 
Gənclər Fondunun Müşahidə
Şurasının 04 oktyabr 2018-ci il
tarixli Q-03 nömrəli Qərarı
ilə təsdiq edilmişdir.

AZƏRBAYCAN RESPUBLİKASININ GƏNCLƏR FONDU TƏRƏFİNDƏN QRANT MALİYYƏLƏŞDİRİLMƏSİ ÜZRƏ MÜSABİQƏLƏR ÇƏRÇIVƏSINDƏ VƏ MÜSABİQƏDƏN KƏNAR GƏNCLƏR TƏŞKİLATLARININ MALİYYƏLƏŞDİRİLMİŞ LAYİHƏLƏRİNİN MONİTORİNQİNİN APARILMASI

QAYDASI

I Ümumi müddəalar

1.1.“Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant maliyyələşdirilməsi üzrə müsabiqələr çərçivəsində və müsabiqədən kənar gənclər təşkilatlarının maliyyələşdirilmiş layihələrinin monitorinqinin aparılması Qaydası” (bundan sonra – bu Qayda) Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2018-ci il tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 1.1-ci yarımbəndinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 oktyabr 2018-ci il tarixli 451 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın 7-ci bəndinə və Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra – Fond) Nizamnaməsi”nin 3.1.6-cı yarımbəndinə müvafiq olaraq hazırlanmışdır.
1.2.Bu Qayda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının və 16-29 yaşlı Azərbaycan Respublikasının vətəndaşlarının (bundan sonra-gənclər) Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqələri çərçivəsində və gənclər təşkilatlarının müsabiqədən kənar maliyyələşdirilmiş layihələrinin monitorinqinin aparılması məsələlərini tənzimləyir.

II Monitorinqin məqsəd və vəzifələri

2.1. Monitorinqin məqsədləri aşağıdakılardır:
2.1.1.Monitorinqin məqsədi gənclər təşkilatlarının və gənclərin layihələrinin Fondla bağlanmış müqavilənin şərtlərinə və tələblərinə uyğun icrasına, həyata keçirilən tədbirlərin gedişatına və nəticələrə dair hesabatlılığa nəzarətin həyata keçirilməsini təmin etməkdir.
2.2. Monitorinqin vəzifələri aşağıdakılardır:
2.2.1.layihənin icra vəziyyətinin öyrənilməsi və nəticələrin müəyyən edilməsi;
2.2.2.həyata keçirilən fəaliyyətin layihənin icra planına uyğunluğunun müəyyən edilməsi;
2.2.3. layihənin icrası zamanı sənədləşmə işlərinin qanunvericiliyə və təlimatlara uyğunluğunun müəyyən edilməsi;
2.2.4. layihənin icrası zamanı yaranmış problemlərin və yol verilən nöqsanların müəyyən edilməsi;
2.2.5. monitorinqin nəticələrinə dair arayışın hazırlanması.

III Monitorinqin aparılması şərtləri

3.1. Layihələrin icrası və nəticələri ilə bağlı monitorinq, bir qayda olaraq, Fondun əməkdaşları tərəfindən aparılır. Xüsusi hallarda monitorinqlər Fondun Müşahidə Şurasının üzvləri tərəfindən aparıla bilər. Zərurət yarandığı halda, digər hüquqi və fiziki şəxslər, eləcə də könüllülər monitorinqin aparılmasına cəlb edilə bilərlər.
3.2. Beynəlxalq layihələr (“B” kateqoriyası) üzrə xarici ölkələrdə keçirilməsi nəzərdə tutulan layihələrin monitorinqinin aparılması məqsədilə Fondun Müşahidə Şurasının üzvləri və Fondun əməkdaşları həmin ölkələrə ezam oluna bilərlər.
3.3. Monitorinq layihənin icra olunduğu məkanda, təşkilatın ofisində, layihə ofisində və Fondun ofisində aparıla bilər.
3.4. Monitorinqin səmərəli aparılması üçün resipiyent tərəfindən şərait yaradılır, layihənin icra vaxtı və keçiriləcəyi məkan haqqında Fonda əvvəlcədən (minimum 10 gün əvvəl) yazılı və ya elektron formada məlumat verilir.
3.5. Fond layihənin icra müddətində resipiyenti məlumatlandırmadan həyata keçirilən fəaliyyətlərin monitorinqini apara bilər.
3.6. Resipiyent layihənin icrası və hesabatı müddətində aparılan monitorinq zamanı uyğun sənəd qovluğunu tələb olunan müddətdə Fonda təqdim etməlidir.
3.7. Monitorinqin aparılması ilə əlaqədar ezamiyyə xərcləri Fond tərəfindən ödənilir.

III Monitorinq üzrə nəticələrə dair hesabatlılıq

4.1. Layihənin icra vəziyyəti və nəticələrinə uyğun olaraq monitorinqi aparan şəxs tərəfindən müvafiq qeydlər və nəticələr nəzərə alınmaqla Monitorinq Arayışı tərtib olunur (Əlavə 1).
4.2.Monitorinqlərin nəticələri barədə arayış Müşahidə Şurasına təqdim olunur.