Qaydalar

 

                                                                                      Azərbaycan Respublikasının
                                                                                      Gənclər Fondunun Müşahidə
                                                                                      Şurasının 04 oktyabr 2018-ci il
                                                                                      tarixli Q-03 nömrəli Qərarı
                                                                                      ilə təsdiq edilmişdir.

AZƏRBAYCAN RESPUBLIKASININ GƏNCLƏR FONDU TƏRƏFİNDƏN İSTEDADLI VƏ FƏAL GƏNCLƏRİN MÜKAFATLANDIRILMASI

QAYDASI

I Ümumi müddəalar

1.1. “Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən istedadlı və fəal gənclərin mükafatlandırılması Qaydası” (bundan sonra – bu Qayda) Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2018-ci il tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası“nın 10.1.3-cü yarımbəndinə və Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra – Fond) Nizamnaməsi”nin 3.1.15-ci və yarımbəndinə müvafiq olaraq hazırlanmışdır.
1.2. Mükafat Fond tərəfindən müəyyən olunmuş istiqamətlər üzrə istedadlı və fəal gənclərə verilir.
1.1. Mükafat nəğd pul (nəğd pulun məbləğini Müşahidə Şurası müəyyən edir), fəxri diplom və ya qiymətli hədiyyə formasında verilir.
1.2. Mükafat ildə bir dəfə ilin sonunda Müşahidə Şurasının qərarı ilə verilir.
1.3. Mükafat Azərbaycan Respublikası 16-29 yaş arasında olan Azərbaycan Respublikası vətəndaşlarına (gənclərə) verilir.
1.4.Mükafata namizədlə bağlı yekun qərar Fondun icraçı direktorunun təqdimatı əsasında Müşahidə Şurasının qərarı əsasında qəbul edilir.

II Mükafatın verilməsi şərtləri

2.1. Mükafat gənclərə aşağıda göstərilən nailiyyətlərinə görə verilir:
2.1.1. elmdə əldə etdikləri yüksək nailiyyətlərə, elmin zənginləşdirilməsi və inkişafına xidmət edən fəaliyyətə görə;
2.1.2. təhsilin inkişafına və zənginləşdirilməsinə xidmət edən fəaliyyətə, təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənməyə, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştiraka görə;
2.1.3. mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yüksək nailiyyətlərə, bu sahənin zənginləşdirilməsi və inkişafına xidmət edən fəaliyyətə görə;
2.1.4. dövlət gənclər siyasəti üzrə proqram və layihələrin həyata keçirilməsində əldə etdikləri yüksək nailiyyətlərə görə;
2.1.5. dövlətlərarası münasibətlərin, mədəniyyətlərarası dialoqun, dövlət və cəmiyyətin inkişafına yönəldilmiş aktiv fəaliyyətə görə;
2.1.6. könüllülük fəaliyyəti;
2.1.7. beynəlxalq tədbir və müsabiqələrdə ölkəni layiqli təmsilə görə;
2.1.8. milli-mənəvi dəyərlərin və mədəni irsin qorunmasında xüsusi fəaliyyətə görə;
2.1.9. hərbi xidmətdə fərqlənməyə və əldə etdiyi uğurlara görə.2.2. Mükafat bir şəxsə bir dəfə verilir.

III Mükafata təqdim edilən namizədlərin seçimi və mükafatın verilməsi

3.1. Mükafata irəli sürülən namizədlər haqqında məlumatlar Fond tərəfindən hazırlanaraq Müşahidə Şurasına təqdim olunur.
3.2.Fond Müşahidə Şurasına ən çoxu on namizəd təqdim edir.
3.3. Fond mükafata irəli sürdüyü hər bir namizədlə bağlı aşağıdakı sənədləri Müşahidə Şurasına təqdim edir:
3.3.1. Namizədin mükafata irəli sürülməsi barədə təqdimat. Təqdimat Fondun  icraçı direktoru tərəfindən imzalanır və Şuraya təqdim olunur;
3.3.2. namizədin tərcümeyi-halı;
3.3.3. namizədin xasiyyətnaməsi. Xasiyyətnamə namizədi irəli sürən qurumun rəhbəri tərəfindən imzalanır və həmin qurumun möhürü ilə təsdiq edilir;
3.3.4. bu Qaydanın 2.1-ci bəndində göstərilən şərtlərə uyğun olaraq namizədin fəaliyyəti haqqında məlumat.
3.5. Mükafata təqdim edilmiş namizədlərin seçimini Müşahidə Şurası aparır.

IV Maliyyələşdirmə

4.1. Maliyyələşdirmə “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitlərindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na uyğun olaraq, Fond tərəfindən həyata keçirilir.
4.3. Ayrılmış maliyyə vəsaiti Azərbaycan manatı (AZN) ilə ödənilir.
4.4. Gənclərə mükafat əvəzsiz olaraq verilir.
4.5. Fond verilən mükafatın xərclənməsi ilə bağlı hesabat tələb etmir.

 

Azərbaycan Respublikasının
Gənclər Fondunun Müşahidə
Şurasının 04 oktyabr 2018-ci il
tarixli Q-03 nömrəli Qərarı
ilə təsdiq edilmişdir.

 

GƏNCLƏRİN VƏ GƏNCLƏR TƏŞKİLATLARININ AZƏRBAYCAN RESPUBLIKASININ GƏNCLƏR FONDUNUN VƏSAİTİ HESABINA BEYNƏLXALQ TƏDBİRLƏRDƏ İŞTİRAKININ MALİYYƏLƏŞDİRİLMƏSİ

QAYDASI

 Ümumi müddəalar

1.1 “Gənclərin və gənclər təşkilatlarının Fondun vəsaiti hesabına beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi Qaydası” (bundan sonra – bu Qayda) Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2018-ci il tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası“nın 10.1.4-cü, 10.5.1-ci və 10.5.2-ci yarımbəndlərinə və Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra – Fond) Nizamnaməsi”nin 3.1.9-1-ci yarımbəndinə müvafiq olaraq hazırlanmışdır.
1.2 Beynəlxalq tədbirlə bağlı ehtiyac üzrə bütün xərclərin maliyyələşdirilməsi dedikdə gəncin tədbirdə iştirak haqqı, nəqliyyat, yaşayış xərci, viza və sığorta nəzərdə tutulur.
1.3Namizədlərin müraciətləri ilə bağlı yekun qərar Fondun Müşahidə Şurasının sədrinin yazılı razılığı əsasında Fondun icraçı direktoru tərəfindən qəbul edlir.

IMüraciətin forması və şərtləri

 2.1. Beynəlxalq tədbirdə iştirakın maliyəlləşdirilməsi üçün müraciət etmək istəyən şəxs Fondun rəsmi internet səhifəsində (www.youthfoundation.az və ya www.ayf.az) müvafiq qaydada qeydiyyatdan keçməli, şifrə və parol almalıdır.
2.2. Beynəlxalq tədbirdə iştirakın maliyyələşdirilməsi üçün yaşı 35-dək olan gənclər təşkilatlarının rəhbərləri və 16–29 yaş həddində olan ictimai fəal, istedadlı, yaradıcı gənclər və gənc tədqiqatçılar müraciət edə bilərlər.
2.3. Müraciət beynəlxalq tədbirin başlayacağı vaxtdan azı 30 (otuz) iş günü əvvəl edilməlidir.
2.4. Müraciət edən şəxs Fondun rəsmi internet səhifəsində təqdim olunmuş ərizə formasını Azərbaycan dilində elektron qaydada tam doldurmalı, hər bir suala ətraflı cavab verməli, əsaslandırmalı və tələb olunan sənədləri əlavə etməlidir.
2.5. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
2.5.1 Sağlamlıq haqqında arayış;
2.5.2. beynəlxalq tədbirdə iştirak edəcək şəxsə ünvanlanmış rəsmi dəvətnamə (dəvətnamə təşkilatın rəsmi blankında və rəhbər şəxsin imzası ilə olmalıdır);
2.5.3. Şəxsə ünvanlanmış rəsmi dəvətnamədə beynəlxalq tədbirdə iştirak etmək üçün tələb olunan nəqliyyat, yaşayış və s. xərcinin təşkilatçı tərəfindən ödənilməməsinə dair məlumat öz əksini tapmalıdır.
2.5.4. tədbirin proqramı;
2.5.5. müraciət edən şəxsin tədbirdəki çıxışının tezisi və ya təqdimat materialları (əgər olarsa);
2.5.6. yarış və ya müsabiqədə iştirak etmək üçün müraciət edən şəxsin həmin sahə üzrə göstəricilərini təsdiqləyən sənədlər (əgər olarsa);
2.5.7. müraciət edən şəxs tələbə olduqda, təhsil aldığı müəssisənin rəhbərliyinin həmin şəxsin səfərdə iştirakı ilə bağlı razılıq məktubu, (səfər tədris dövrünə təsadüf edərsə) yaşı 18-dən aşağı olduğu təqdirdə isə valideynlərinin səfərdə iştitak edəcək gənclə bağlı notarial təsdiq qaydasında razılıq məktubu;
2.5.8. müraciət edən şəxsin pasportunun surəti.
2.6. Tam və ya qismən maliyyələşmə barədə qərar Fond tərəfindən qəbul olunur.
2.7. Tədbirin keçiriləcəyi günlərin sayından asılı olmayaraq, yaşayış xərci Fond tərəfindən maksimum 7 (yeddi) gün üçün ödənilə bilər. Ödəniləcək məbləğ Şura tərəfindən müəyyən olunmuş cədvəl əsasında ödənilir (Əlavə 1).
2.8. Beynəlxalq tədbirlərdə iştirakın maliyyələşdirilməsi üzrə müraciətlərin qəbulu mütəmadi xarakter daşıyır.
2.9. Beynəlxalq tədbirdə iştirak etmək üçün hər bir şəxs il ərzində Fonddan bir dəfə vəsait ala bilər.
2.10. Aşağıda qeyd olunan şəxslər beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi üzrə müraciət edə bilməz:
2.10.1. Fonddan maliyyə vəsaiti almış, lakin hesabatı təqdim etməmiş şəxslər;
2.10.2. hərbi qulluqçular və dövlət qulluqçuları;
2.10.3. beynəlxalq tədbirin keçirildiyi ölkədə yaşayan Azərbaycan Respublikası vətəndaşları;
2.10.4. ixtisası və ya fəaliyyət sahəsi beynəlxalq tədbirin mövzusuna uyğun olmayan şəxslər;
2.10.5. qanunvericiliyin tələblərini pozmuş və barəsində məhkəmə qərarı olan şəxslər;
2.10.6. xarici ölkə vətəndaşları.
2.11. Fond beynəlxalq tədbirdə iştirak edən şəxsin işlədiyi və ya təhsil aldığı müəssisədə olmadığı günlərə görə öhdəlik daşımır.
2.12. Siyasi və dini yönümlü tədbirlərdə iştirak, turizm səfərləri və xarici ölkələrdə təşkil olunan idman yarışlarında iştirak Fond tərəfindən maliyyələşdirilmir.
2.13. Mədəniyyət tədbirlərində və ya intellektual müsabiqələrdə qrup şəkilində iştirak etmək üçün təqdim olunmuş müraciətlər istisna olmaqla, bir neçə şəxs eyni beynəlxalq tədbirdə iştirak etmək üçün müraciət etdikdə, bir qayda olaraq onlardan yalnız birinin iştirakı maliyyələşdirilə bilər.

III Müraciətin qiymətləndirilməsi

3.1. Müraciətin qiymətləndirilməsi 3 mərhələdə həyata keçirilir:
3.1.1. müraciətin bu Qaydalara uyğunluğunun araşdırılması;
3.1.2. müraciət edən şəxslə müsahibənin aparılması və müvafiq arayışın hazırlanması;
3.1.3. yekun qərarın qəbul edilməsi.
3.2. Müraciətin bu Qaydalara uyğunluğunun yoxlanılması, müraciət edən şəxslə müsahibənin aparılması və müvafiq arayışın hazırlanması Fond tərəfindən həyata keçirilir.
3.3. Fond aşağıda qeyd edilən vəzifələri icra edir:
3.3.1. müraciətin qeydiyyatını aparır;
3.3.2. ərizənin və ona əlavə olunmuş sənədlərin uyğunluğunu, verilmiş məlumatların dəqiqliyini yoxlayır;
3.3.3. bir şəxsin il ərzində beynəlxalq tədbirdə iştirakla bağlı neçə dəfə Fonddan vəsait əldə etdiyini və səfər üçün digər mənbələrdən maliyyə vəsaiti əldə edib-etmədiyini müəyyənləşdirir;
3.3.4. müraciətçinin əvvəllər aldığı maliyyə ilə bağlı hesabatlılıq vəziyyətini araşdırır;
3.3.5. müraciət edən şəxsi müsahibəyə dəvət edir;
3.3.6. onun tədbirlə bağlı məlumatlılıq səviyyəsini və xarici dil biliklərini müəyyənləşdirir;
3.3.7. səfərlə bağlı tələb olunan digər məsələləri aydınlaşdırır;
3.3.8. müvafiq arayış hazırlayaraq Fondun icraçı direktoruna təqdim edir.
3.4. Müraciətlə bağlı Fondun Müşahidə Şurası sədrinin yazılı razılığı əsasında Fondun icraçı direktoru tərəfindən yekun qərar qəbul edilir. Yekun qərar barədə məlumat müraciət edənə elektron və ya məktub formasında göndərilir.
3.5. Maliyyələşdirilməsi barədə qərar qəbul edildikdən sonra müraciət üzrə tərəflər arasında “Maliyyə dəstəyinin göstərilməsi haqqında qrant müqavilə”si bağlanılır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydaları”na uyğun olaraq qeydiyyat orqanına müraciət edilir. Qrant müqaviləsi tərəflərə və qeydiyyat orqanına təqdim olunması üçün müvafiq sayda imzalanır. Müraciət edən şəxs üzrlü səbəbdən Azərbaycan Respublikasında olmadıqda, Fond onunla müsahibəni telefon və ya digər əlaqə vasitələri ilə həyata keçirir. Müraciət edən şəxs üzrlü səbəbdən Azərbaycan Respublikasında olmadıqda, “Maliyyə dəstəyinin göstərilməsi haqqında qrant müqavilə”sinin imzalanması, təsviri və maliyyə hesabatlarının təqdim olunması həmin şəxsin notarial təsdiq qaydasında etibarnamə verdiyi digər şəxs tərəfindən həyata keçirilir (Əlavə 2).
3.6. Müraciətlə bağlı qərar səfərin başlanmasından azı 15 (on beş) təqvim günü əvvəl qəbul edilir.

 IV Yaşayış xərci

4.1. Yaşayış xərcinin verilməsi 2 mərhələdə həyata keçirilir. Səfərdən əvvəl vəsaitin 70 faizi, səfər başa çatdıqdan və yekun hesabat təqdim edildikdən sonra isə qalıq 30 faiz ödənilir.
4.2. Ayrılmış vəsait Azərbaycan manatı (AZN) ilə ödənilir.
4.3. Ödəniş edilən zaman, beynəlxalq tədbirdə iştirak ilə bağlı yazılı qərar qəbul edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının qüvvədə olan məzənnəsi əsas götürülür.
4.4. Səfər baş tutmadıqda və ya təxirə salındıqda, ödənilmiş vəsait Fonda qaytarılır.
4.5. Fond tərəfindən səfərlə bağlı vəsaitin köçürülməsi prosesinə tədbirin başlamasından ən çoxu 10 (on) təqvim günü əvvəl başlanır.

V Hesabatlılıq

5.1. Beynəlxalq səfər başa çatdıqdan sonra 5 (beş) iş günündən gec olmayaraq, müvafiq təsviri və maliyyə hesabatı təsdiqləyici sənədlərlə birlikdə Fonda təqdim edilməlidir.
5.2. Hesabatlar Fond tərəfindən təsdiq edilmiş formalara uyğun olaraq, Azərbaycan dilində tərtib edilir.
5.3. Qrup şəklində beynəlxalq tədbirdə iştirak edən şəxslərin hesabatları ayrı-ayrılıqda qəbul edilir.
5.4. Ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ Fonda qaytarılır.
5.5.Fond hesabatların yoxlanılması prosesində səfər və onun nəticələri barədə daha ətraflı təsəvvür əldə etmək üçün beynəlxalq tədbirdə iştirak edəndən əlavə məlumat və sənədlər tələb edə bilər.
5.6. Fond təqdim olunmuş hesabatları yoxladıqdan sonra onları təsdiq edir və bu barədə beynəlxalq tədbirdə iştirak edəni məlumatlandırır.

VYekun müddəalar

6.1. Fond ayrılmış vəsaitin təyinatı üzrə xərclənmədiyini, gənclər və gənclər təşkilatlarının nümayəndəsinin beynəlxalq tədbirdə iştirak etmədiyini və ya digər pozuntuları aşkar edərsə, onun maliyyə dəstəyi almaq imkanlarını 2 (iki) il müddətinədək məhdudlaşdırır, ciddi pozuntular aşkar edilərsə vəsaitin geri qaytarılması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlər görür.
6.2. Beynəlxalq tədbirdə iştirakın maliyyələşdirilməsi ilə bağlı məlumat Fondun internet səhifəsində yerləşdirilir.

 

Azərbaycan Respublikasının
Gənclər Fondunun Müşahidə
Şurasının 04 oktyabr 2018-ci il
tarixli Q-03 nömrəli Qərarı
ilə təsdiq edilmişdir.

 

GƏNCLƏRİN BEYNƏLXALQ TƏŞKİLATLARIN TƏCRÜBƏ PROQRAMLARINDA İŞTİRAK XƏRCLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ

 QAYDASI


I Ümumi müddəalar

1.1. “Gənclərin beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının maliyyələşdirilməsi Qaydası” (bundan sonra – bu Qayda) Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2018-ci il tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası“nın 9-cu bəndinə və Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra–Fond) Nizamnaməsi”nin 3.1.10-cu yarımbəndinə müvafiq olaraq hazırlanmışdır.
1.2. Fond hər il beynəlxalq təşkilatlarda təcrübə keçmək müddətlərini müəyyən edir, sənədlərin qəbulunu həyata keçirir və bu barədə Fondun internet səhifəsində və mətbuatda məlumatlar çap etdirir.
1.3. Beynəlxalq təşkilatların (beynəlxalq qeyri-hökümət təşkilatları və beynəlxalq hökümətlərarası təşkilatlar) təcrübə proqramlarında iştirakın maliyyələşdirilməsi üçün seçilən gənclərin siyahısı Fondun rəsmi internet səhifəsində ictimaiyyətə açıqlanır.
1.4. Ölkənin ixtisas və təhsil proqramları üzrə ehtiyaclarına uyğun olaraq təcrübə keçmək üçün beynəlxalq təşkilatların siyahısı hazırlanır və Fondun internet səhifəsində yerləşdirilir.
1.5. Namizədlərin müraciətləri ilə bağlı yekun qərar Fondun Müşahidə Şurasının sədrinin yazılı razılığı əsasında Fondun icraçı direktoru tərəfindən qəbul edilir.

II Müraciətin forması və şərtləri

2.1. Beynəlxalq təşkilatların təcrübə proqramlarında iştirakın maliyyələşdirilməsi üçün müraciət yalnız Fondun müraciət üçün açıq elan etdiyi müddətdə edilə bilər.
2.2. Beynəlxalq təşkilatların təcrübə proqramlarında iştirakın maliyyələşdirilməsi üçün müraciət etmək istəyən şəxs Fondun rəsmi internet səhifəsində (www.youthfoundation.az və ya www.ayf.az) müvafiq qaydada qeydiyyatdan keçməli, şifrə və parol almalıdır.
2.3. Müraciət edən şəxs təqdim olunmuş ərizə formasını Azərbaycan dilində elektron qaydada tam doldurmalı, hər bir suala ətraflı cavab verməli, əsaslandırmalı və tələb olunan sənədləri (şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, dəvət məktubu və s.) əlavə etməlidir.
2.4. Şəxs müraciət edəcəyi təşkilatın təcrübə proqramındakı iştirak istəyini əsaslandırmalı və təhsil aldığı müəssisədən tövsiyə məktubu əlavə etməlidir;
2.5   Müraciət edən şəxsin yaşı 18-dən aşağı olduğu təqdirdə valideynlərin səfərdə iştitak edəcək gənclə bağlı notarial təsdiq qaydasında razılıq məktubu əlavə edilməlidir;
2.6. 3 aydan çox olan təcrübə proqramlarında iştirak Fond tərəfindən maliyyələşdirilmir. Fond yalnız müddəti 3 aya qədər olan təcrübə proqramlarında iştirakı maliyyələşdirir.

III Təcrübə proqramları üçün ümumi seçim meyarları

3.1.Təcrübə proqramında iştirak etmək üçün 16-29 yaş arasında olan və aşağıda göstərilən şərtlərə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları (gənclər) müraciət edə bilər:
3.1.1. Orta təhsilini bitirmiş və ən az bakalavr təhsilinin 2-ci və daha yuxarı kurs tələbələri olan 16-29 yaş arasında Azərbaycan Respublikasının vətəndaşları;
3.1.2. Müraciət etdiyi təşkilatın işçi dilini bilən gənclər.

 IV Müraciətin qiymətləndirilməsi

4.1. Müraciətin qiymətləndirilməsi 3 mərhələdə həyata keçirilir:
4.1.1. müraciətin bu Qaydalara uyğunluğunun araşdırılması;
4.1.2.müraciət edən şəxslə müsahibənin aparılması və müvafiq arayışın hazırlanması;
4.1.3.yekun qərarın qəbul edilməsi.
4.2.Müraciətin bu Qaydalara uyğunluğunun yoxlanılması, müraciət edən şəxslə müsahibənin aparılması və müvafiq arayışın hazırlanması Fond tərəfindən həyata keçirilir.
4.3.Fond aşağıda qeyd edilən vəzifələri icra edir:
4.3.1.müraciətin qeydiyyatını aparır;
4.3.2.ərizənin və ona əlavə olunmuş sənədlərin uyğunluğunu, verilmiş məlumatların dəqiqliyini yoxlayır;
4.3.3. bir şəxsin il ərzində beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakla bağlı neçə dəfə Fonddan vəsait əldə etdiyini və səfər üçün digər mənbələrdən maliyyə vəsaiti əldə edib-etmədiyini müəyyənləşdirir;
4.3.4.müraciətçinin əvvəllər Fonddan aldığı maliyyənin hesabatlılıq vəziyyətini araşdırır;
4.3.5.müraciət edən şəxsi müsahibəyə dəvət edir;
4.3.6. müraciət edən şəxsin proqramla bağlı məlumatlılıq səviyyəsini və xarici dil biliklərini müəyyənləşdirir;
4.3.7.səfərlə bağlı tələb olunan digər məsələləri aydınlaşdırır.
4.4. Müraciətlə bağlı Fondun Müşahidə Şurası sədrinin yazılı razılığı əsasında Fondun icraçı direktoru tərəfindən yekun qərar qəbul edilir. Yekun qərar barədə məlumat müraciət edənə elektron və ya məktub formasında göndərilir.
4.5. Maliyyələşdirilməsi barədə qərar qəbul edildikdən sonra müraciət üzrə tərəflər arasında “Maliyyə dəstəyinin göstərilməsi haqqında müqavilə” bağlanılır Müraciət edən şəxs üzrlü səbəbdən Azərbaycan Respublikasında olmadıqda, Fond onunla müsahibəni telefon və ya digər əlaqə vasitələri ilə həyata keçirir. Müraciət edən şəxs üzrlü səbəbdən Azərbaycan Respublikasında olmadıqda “Maliyyə dəstəyinin göstərilməsi haqqında müqavilə”nin imzalanması, təsviri və maliyyə hesabatlarının təqdim olunması  həmin şəxsin notarial təsdiq qaydasında etibarnamə verdiyi digər şəxs tərəfindən həyata keçirilir (Əlavə 1).
4.6. Müraciətlə bağlı qərar səfərin başlanmasından azı 15 (on beş)  təqvim günü əvvəl qəbul edilir. Səfərlə bağlı vəsaitin köçürülməsi səfər tarixindən çoxu 5 (beş) iş günü əvvəl həyata keçirilir.

  V Maliyyələşdirmə

5.1. Beynəlxalq təşkilatların təcrübə proqramlarında iştirakın maliyyələşdirilməsi üzrə təcrübə proqramlarında iştirak edənlərin  xərcləri təcrübəyə dəvət edən beynəlxalq təşkilatın ödəmədiyi ehtiyac üzrə (vizaların, qəbul edən ölkədə onların qeydiyyata alınması, yaşayış-yataqxana və digər xərclər, gündəlik qida, zəruri təminat, tibbi sığorta, qəbul edən ölkəyə bir dəfə gediş-gəliş xərcləri təşkilati xərclər və s.) Fondun vəsaiti hesabına ödənilir.
5.2. Müraciətçinin təcrübə proqramında iştirak edəcəyi ölkə üçün yaşayış xərci Nazirlər Kabinetinin 17 avqust 2012-ci il, 185 nömrəli Xaricdə Təhsil Dövlət Proqramı üçün hesablanmış “Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli”nə (bundan sonra – cədvəl) əsasən hesablanır.
5.3. Təcrübə proqramında iştirak edənlərin təsdiq olunmuş siyahısına əsasən müvafiq qaydada təcrübə proqramında iştirak edənlərin özləri və yaxud onların xaricdə təcrübə proqramında iştirakını təmin edəcək tərəfdaş şirkət tərəfindən təqdim olunmuş sənədlər (müvafiq beynəlxalq təşkilata təcrübəçi kimi işə qəbul olunmasına dair rəsmi sənəd,dəvət sənədi, təhsil, yataqxana, gündəlik yaşayış, tibbi sığorta və digər xərclərin ödənilməsini və ya ödənilməməsini təsdiq edən sənəd və s.) və ya müvafiq təşkilat ilə Fond arasında bağlanmış müqavilə əsasında rəsmiləşdirmə aparılır.
5.4. Fond beynəlxalq təşkilatlarda təcrübə keçmək üçün hər bir namizədə təqvim ili ərzində yalnız bir dəfə maliyyə vəsaiti ayırır.
5.5. Müraciətçinin beynəlxalq təşkilatın təcrübə proqramında iştirakı zamanı dəvət edən təşkilat tərəfindən xərclərin ödənilmədiyi təsdiq edildiyi halda aşağıdakı xərcləri Fond tərəfindən maliyyələşdirilir:
5.5.1. iştirak haqqı (tələb edildiyi təqdirdə);
5.5.2. viza və qəbul edən ölkədə proqramda iştirak edənlərin qeydiyyata alınması xərcləri;
5.5.3. yaşayış (yataqxana, gündəlik qida və digər) xərcləri;
5.5.4. tibbi sığorta xərcləri;
5.5.5. yol (bir dəfə ölkəyə gediş-gəliş (aviabilet)) xərcləri.
5.6. Yaşayış xərclərinə təcrübə proqramında iştirak edənlərin yataqxana və digər (şəhərdaxili nəqliyyatdan istifadə, internet xidməti, telefon danışıqları və s.) xərcləri aiddir və bu xərclər təcrübə proqramında iştirak edənin ölkəyə daxil olduğu tarixdən etibarən, müqavilədə göstərilən dövrü əhatə edir;
5.6.1 Yaşayış xərcinin verilməsi 2 mərhələdə həyata keçirilir. Səfərdən əvvəl vəsaitin 70 faizi, səfər başa çatdıqdan və yekun hesabat təqdim edildikdən sonra isə qalıq 30 faiz ödənilir.
5.7 Beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən təcrübəçiyə maliyyə vəsaiti əvəzsiz olaraq ödənilir.
5.8. Tibbi sığorta xərclərinə təcrübə proqramında iştirak edənin təcrübəçi kimi çalışdığı ölkədə yaşadığı müddət ərzində tibbi sığortası üçün tələb olunan vəsait aiddir.
5.9. Yol (bir dəfə ölkəyə gediş-gəliş (aviabilet)) xərclərinə təcrübə proqramında iştirak edənin təcrübəçi kimi çalışdığı ölkəyə gediş-gəlişi üçün tələb edilən vəsait aiddir və həmin vəsait təcrübə proqramında iştirak edənin təqdim etdiyi bilet və ya müvafiq nəqliyyat şirkətlərinin təqdim etdiyi ödəniş sənədləri əsasında müəyyən edilir.
5.10. Təcrübə proqramında iştirak edənin fəaliyyəti mütəmadi olaraq Fond tərəfindən monitorinq edilir.
5.11. Aşağıdakı hallarda Fond beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının maliyyələşdirilməsi məqsədilə ayırdığı vəsaitin qaytarılmasını tələb etmək hüququna malikdir:
5.11.1. beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən şəxs üzrlü səbəb olmadan təcrübə proqramından kənarlaşdırıldıqda;
5.11.2 beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
5.11.3. beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən şəxslər onlara ödənilən təqaüddən istifadəyə dair maliyyə hesabatlarını Şuranın müəyyən etdiyi müddət ərzində Fonda təqdim etmədikdə.
5.12. Ödəniş edilən zaman, beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak ilə bağlı yazılı qərar qəbul edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının qüvvədə olan məzənnəsi əsas götürülür və ayrılmış vəsait Azərbaycan manatı (AZN) ilə ödənilir.
5.13. Səfər baş tutmadıqda və ya təxirə salındıqda, ödənilmiş vəsait Fonda qaytarılır.

 VHesabatlılıq

6.1. Beynəlxalq təşkilatlarda təcrübə proqramları başa çatdıqdan sonra 7 (yeddi) iş günündən gec olmayaraq, müvafiq təsviri və maliyyə hesabatı təsdiqləyici sənədlərlə birlikdə Fonda təqdim edilməlidir.
6.2. Hesabatlar Fond tərəfindən təsdiq edilmiş formalara uyğun olaraq, Azərbaycan dilində tərtib edilir.
6.3. Qrup şəklində beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən şəxslərin hesabatları ayrı-ayrılıqda qəbul edilir.
6.4. Ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ Fonda qaytarılır.
6.5. Fond hesabatların yoxlanılması prosesində səfər və onun nəticələri barədə daha ətraflı təsəvvür əldə etmək üçün müraciətçidən əlavə məlumat və sənədlər tələb edə bilər.
6.6. Fond təqdim olunmuş hesabatları yoxladıqdan sonra onları təsdiq edir və bu barədə gənci məlumatlandırır.

VII Yekun müddəalar

7.1. Fond ayrılmış maliyyənin təyinatı üzrə xərclənmədiyini, gəncin beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak etmədiyini və ya digər pozuntuları aşkar edərsə, onun maliyyə dəstəyi almaq imkanlarını 2 (iki) il müddətinədək məhdudlaşdırır, ciddi pozuntular aşkar edilərsə vəsaitin geri qaytarılması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlər görür
7.2. Beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakın maliyyələşdirilməsi ilə bağlı məlumat Fondun internet səhifəsində yerləşdirilir.

 

.