Goranboyda ”Xocalıda törədilən erməni vəhşilikləri unudulmamalıdır” adlı tədbir keçirilmişdir

150

25 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon Mədəniyyət Evində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalının müdafiəsi zamanı şücaət göstərmiş veteranlarla gənclərin görüşü təşkil edilmişdir. Tədbir iştirakçıları əvvəlcə Xocalı qətliamı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev çıxış edərək, 27 il əvvəl baş vermiş faciənin ermənilər tərəfindən xalqımıza qarşı aparılan düşmənçilik siyasətinin tərkib hissəsi olduğunu, Xocalı soyqırımının planlı şəkildə hazırlandığını və həyata keçirildiyini bildirmişdir. Qeyd etmişdir ki, yüzlərlə Xocalı sakininin xüsusi amansızlıqla qətlə yetirilməsi insanların yaddaşına qanla yazılmışdır. Bütün dünyanın gözü önündə törədilmiş bu soyqırımın insanlığa qarşı cinayət olduğunu vurğulamışdır. Nəticədə 613 nəfər öldürülmüşdür ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi, mayor Füzuli İsmayılov o məşum gecədə aralarında körpə, yaşlı və qadınların olduğu mülki şəxslərin dəhşətli işgəncələrlə qətlə yetirilməsinin erməni vəhşiliyinin ifadəsi olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycan dövləti tərəfindən bu faciəyə hüquqi qiymət verilmişdir. Bu gün Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması bir tərəfdən günahsız qurbanların ruhu qarşısında ədalətin bərpasına xidmət edir, digər tərəfdən isə dünyada bir daha bu kimi dəhşətlərin baş verməməsi üçün çağırış rolunu oynayır. Gənclər Fondunun nümayəndəsi Ramil Məmmədov Ermənistanın işğalçı ölkə olmasının və etnik düşmənçilik zəminində azərbaycanlılara qarşı soyqırım həyata keçirməsinin beynəlxalq təşkilatlar, eləcə də xarici dövlətlər tərəfindən tanınması məqsədilə görülmüş işlərdən söhbət açmışdır. “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mütəxəssisi Cəbrayıl Fərzəliyev bildirmişdir ki, bu soyqırımın beynəlxalq müstəvidə tanıdılması, ona ədalətli qiymətin verilməsi istiqamətində mütəmadi iş aparılır. Bu kontekstdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər diqqətə çatdırılmışdır. Xocalının müdafiəsində iştirak etmiş veteranlar azsaylı döyüşçülərimizin mərkəzdən kömək gəlməməsinə baxmayaraq erməni quldur dəstələri və 366-cı alaya qarşı qəhrəmanlıqla döyüşdüklərindən, ancaq qüvvələrin, silah-sursat və hərbi texnikanın qeyri bərabər olduğu döyüşdə göstərdikləri fədakarlıqlardan danışmışlar. Müasir gəncliyə vətənpərvəlik örnəyi olan Xocalı döyüşçülərinin xatirəsinin hər zaman xatırlanacağını bildirmişlər. Onlar bu gün də döyüşə getməyə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Silahlı Qüvvələrimizin tərkibində torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarını vurğulamışlar.