Sumqayıtda “Mənəvi Dəyərlərə bağlı Gənclik” layihəsinin ilk turu icra olunmuşdur

71

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənclər Evinin təşkilati dəstəyi ilə “Mənəvi Dəyərlərə bağlı Gənclik” layihəsi çərçivəsində elan edilmiş vido-sujet müsabiqəsinin ilk turu keçirilmişdir.
Layihənin açılış mərasimində çıxış edən layihə rəhbəri Tunar Əhmədzadə ilk öncə şəhər Gənclər və İdman Baş İdarəsinə yaradılan şəraitə görə minnətdarlığını bildirmiş, layihənin Gənclər Fondunun XI qrant müsabiqəsində qalib olduğunu və məqsədin gənclər arasında ictimai məsuliyyət hissinin, mədəni davranış qaydalarının, vətəndaşlararası mədəni dialoqun təbliği, yaradıcı senarilərin üzə çıxarılması və dəstəklənməsi olduğunu qeyd etmişdir. Bildirildi ki, müsabiqə çərçivəsində əvvəlcədən verilmiş elana əsasən qeydə alınmış səkkiz senaridən beşi ekspertlər tərəfindən çəkilişə uyğun hesab edilmişdir.
Layihənin eksperti Teymur Aslanlı, Sumqayıt Dövlət Dram Teatrının gənc aktyoru Şəmistan Süleymanov, rejisor Ozal Abbasov çıxışlarında layihənin gənclərin ictimai məsuliyyətinin inkişafına, rejisorluq sahəsində bacarıqlarının nümayiş etdirmələrinə, məsuliyyət hissinini artırılmasına, etik norma və qaydalara əməl etmələrinə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və təbliğinə müsabət təsir edəcəyini vurğulamışlar.
Daha sonra video-sujetlərə baxış keçirilmiş və ekspertlərin rəyinə əsasən Sumqayıt Gənclər Evinin “Siqaretə Son” adlı video-sujeti 1-ci, Gənclər Klubunun “Fiziki məhdudiyyətli şəxslərə Diqqət!” adlı video-sujeti isə 2-ci yerə layiq görülmüşdür.
Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.