Füzuli rayonunun məktəbliləri arasında intellektual oyun təşkil olunmuşdur

121

12 və 13 yanvar 2019-cu il tarixlərində Füzuli rayonu Zobucuq qəsəbəsinin məktəbliləri arasında “Lələtəpə – Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunan intellektual oyun” təşkil edilmişdir. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən tədbirdə 5 qəsəbəni təmsil edən komandalar bacarıqlarını sərgiləmişlər.
“Qarabağ” (Füzuli rayonu, 26 saylı tam orta məktəb), “Qarabulaq” (Füzuli rayonu, 27 saylı tam orta məktəb), “Ərgünəş” (Füzuli rayonu, 33 saylı tam orta məktəb), “Mübarizlər” (Füzuli rayonu, 34 saylı tam orta məktəb) və “Homo Sapiens” (Füzuli rayonu, 39 saylı tam orta məktəb) komandalarının iştirakı ilə baş tutan yarış yarımfinal və final mərhələsindən ibarət olmuşdur.
Yarımfinal mərhələsinin yekunlarına əsasən, “Qarabulaq”, “Qarabağ” və “Ərgünəş” komandaları həlledici mərhələyə yüksəlmişlər. Yarışda daha yaxşı nəticə göstərən “Qarabulaq” komandası 16 xalla turnirin qalibi adına yiyələnmişdir. Oyunda 14 xalla “Qarabağ” ikinci, 10 xalla “Ərgünəş” komandası isə üçüncü yeri tutmuşdur.Qalib komandalar kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılmışdır.
Qeyd edək ki, tədbirdə məktəb direktorları, müəllim və şagirdlərlə yanaşı, Füzuli rayonu İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsinin də əməkdaşları iştirak etmişlər.