“Beyin Oyunları” layihəsinin icrasına başlanılmışdır

149

12 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə “Beyin Oyunları” layihəsinin ilk yarışı keçirilmişdir. Baş tutan layihədə Mingəçevir, Ağdaş şəhərlərində təhsil alan, öz bilik və bacarıqlarına güvənən tələbələr, məktəblilər, həmçinin müəllimlər iştirak etmişlər.
Layihə rəhbəri Vüsal Əliyev gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsində, kollektivləşməyə, kollektiv oyunlara marağının artırılmasında, savadlı, bilikli gənclərin yetişdirilməsi və onların əqli səviyyədə sınanmasında intellektual oyunların təşkilinin böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq belə bir layihənin keçirilməsini məqsədəuyğun hesab etdiklərini bildirmişdir və iştirak edən bütün komandalara uğurlar arzulamışdır. “Nə? Harada? Nə zaman?” formatında keçirilən yarışda 10 komanda iştirak etmişdir. “Panteon” komandası 18 suala doğru cavab verərək birinci yarışın qalibi olmuşdur.
Layihə müddətində “Nə? Harada? Nə zaman?”, “Xəmsə”, “Brain Ring” oyun formaları üzrə intellektual yarışların keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə intellektual oyunlar proqramının yekun cədvəli qurulmuş, oyunlara cəlb olunacaq gənclər müəyyənləşdirilmişdir. Regionlarda yüzlərlə intellektli gəncin formalaşması, fəal, cəmiyyətə yararlı vətəndaş olmaları üçün şəraitin yaradılması məqsədilə layihənin növbəti illərdə Azərbaycanın digər regionlarında icra edilməsi də planlaşdırılmışdır.