Gəncədə gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində layihə baş tutmuşdur

219

4 yanvar 2019-cu il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobizes və idarəetmə fakültəsinin iclas zalında Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İllustrasiya və fəaliyyətlər yolu ilə gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində onların bilik və bacarığının formalaşdırılması” adlı layihənin ilk təqdimatı keçirilmişdir.
Təqdimatı giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobizes və idarəetmə fakültəsinin dekanı Əlöysəd Əsgərov iştirakçıları salamlayaraq, universitet rəhbərliyi adından layihə iştirakçılarına uğurlar arzu etmiş və universitetin bu layihənin tərəfdaşı olduğu üçün məmnunluq hissi duyduğunu qeyd etmişdir.
Daha sonra layihə rəhbəri Cəfər Cəfərov bildirmişdir ki, layihənin keçirilməsində əsas məqsəd Gəncə şəhərində gənclərin ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, gənclərin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, bu sahədə şüur və təfəkkürü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdan ibarətdir. Eyni zamanda gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini artırmaq və onlarda ekoloji mədəniyyəti peşəkar ekspertlərin iştirakı ilə formalaşdırmaqdır.
Layihə təlimçisi Rəhimov Fərrux qeyt etmişdir ki, cari layihə çərçivəsində “Gənclər ətraf mühitin mühafizəsində” adlı təlim təşkil olunacaq və iştirakçılarla birlikdə gənc ekoloqlar klubu yaradılacaqdır. Layihənin sonunda iştirakçılarla birgə ağac əkmə aksiyası nəzərdə tutulmuşdur.
Yekunda layihə rəhbəri iştirakçılara uğurlar arzu edərək gələcək təlimlərdə aktiv iştirak etmələrini tövsiyyə etmişdir.