“100 YAŞLI CÜMHURİYYƏT: YARADICI GƏNCLƏRİN GÖZÜNDƏ VƏ SÖZÜNDƏ” layihəsinin ilk tədbiri keçirilmişdir

153

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə” adlı layihənin ilk tədbiri Cümhuriyyətin ilk paytaxtı Gəncə şəhərində baş tutmuşdur. Gənclər Evində düzənlənən konfrans və təqdimat törənindən öncə, layihənin bir qrup iştirakçısı Gəncə Şəhidlər Xiyabanı və “Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi”ni ziyarət etmişdir.
Sonra layihə iştirakçıları Gəncədə yeni fəaliyyətə başlamış “Uğur” Kitab Evinə baş çəkmiş, həm Muzey, həm də Kitab Evinə kitablar hədiyyə edən DGTYB təmsilçiləri, öz təəssüratlarını bölüşmüşlər. Hər iki məkana Gənclər Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn “Cümhuriyyət-anılar və anlar” kitabı, bu kitabın yazarı Elmin Nuri tərəfindən imzalnaraq hədiyyə verilmişdir.
Daha sonra  Gəncə Gənclər Evində başlanan tədbiri giriş nitqi ilə Gənclər Evinin direktoru Amil Qurbanov açıq elan etmişdir. Qeyd olunmuşdur ki, Gənclər Evi 2 il öncədən fəaliyyət göstərsə də, artıq Gəncənin ictimai-mədəni həyatında önəmli ünvana çevrilmişdir. Amil Qurbanov DGTYB və icra olunan layihə barədə öz müsbət fikirlərini bölüşdükdən sonra, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, tədbirin, ümumən layihənin əsas məram-məqsədi haqqında ətraflı danışmışdır.
Natiq layihənin ən önəmli məhsulu kimi xarakterizə etdiyi “CÜMHURİYYƏT – anılar və anlar” kitabına diqqət çəkərək, kitabı “Cümhuriyyət İli”nə DGTYB-nin töhfəsi olaraq dəyərləndirdiyini qeyd etmişdir. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2018-ci ilin “Cümhuriyyət İli” elan olunması, habelə AXC-nin 100 illik əlamətdar yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı fikirlərini bölüşən Ə.Qoşalı, Gənclər Fondunun XI Qrant müsabiqəsi çərçivəsində Cümhuriyyətin yubileyi və “Cümhuriyyət İli” ilə bağlı layihələrə xüsusi bənd ayrıldığını vurğulamışdır.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, müvəqqəti olaraq, Gəncədə fəaliyyət göstərən Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin rəisi Musa Məmmədov öz çıxışlarında “Cümhuriyyəti İli” ərzində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışmış, gənclərin bu mövzuya olan maraqlarını alqışlamışlar.
Sözügedən kitabın yazarı Elmin Nuri də, öz növbəsində, kitabdakı məqalələrin hazırlanması vaxtı əsərlərindən bəhrələndiyi araşdırmaçılara təşəkkür edərək,  “CÜMHURİYYƏT – anılar və anlar”ın müəlliflik hüququnu bəhrələndiyi bütün müəlliflərə şamil etmişdir.
Tədbirdə idarə rəislərinin, Gənclər Evi direktoru, tanınmış ədiblər və DGTYB təmsilçiləri fəal gənclərə “Fəxri Fərman” təqdim etmişlər.
Ən sonda isə “Cümhuriyyət –anılar və anlar” kitabı, müəllif tərəfindən oxucular üçün imzalanmışdır.
Qeyd edək ki, 5 hissədən ( –“Cümhuriyyət fədailəri – ruhla tarix yazanlar”; “Cümhuriyyət naxışları –ağ-qara rəngli hadisələr”; “Məhəmməd Əmin Rəsulzadə – anılar və anlar”; “Şərqin ilk qaranquşu–Cümhuriyyət parlamenti”; “Ədəbi Cümhuriyyət”– ) ibarət kitabda, müəllifin ayrı-ayrı portallarda işıqlanan məqa­lə­lə­rindən istifadə etmişdir.
Kitabın məsləhətçisi, millət vəkili dr.Cavanşir Feyziyev, baş redaktoru (eləcə də, layihə rəhbəri) DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, redaktoru “Xalq qəzeti”inin əməkdaşı Əfsanə Ələsgərli, rəyçiləri: ADPU-nun rektoru, prof.dr. Cəfər Cəfərov və “Modern.az” xəbər agentliyinin baş direktoru  Elşad Eyvazlıdır.
Kitabın “Önsöz”ünü Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov yazmışdır.
Gənc yazarın bu mövzudakı ilk kitabı olan “CÜMHURIYYƏT – anılar və anlar”, 100 yaşlı Cümhuriyyət mövzusunda sistemli araşdırmalar aparmış aydınların əsərlərindən bəhrələnərək hazırlanmışdır. Publisistik mətnlərdən ibarət kitab, həm də bu mövzuda yazılan dəyərli əsərləri, Cümhuriyyəti ən müxtəlif yönləri ilə araşdıran fədakar tədqiqatçıları gənc oxuculara bir daha təqdim etməyi hədəfləmişdir.
Onu da vurğulayaq ki, 2019-cu ilin yanvarında Bakı Konqres Mərkəzində kitabın geniş təqdimatı da daxil olmaqla layihənin və icraçı təşkilatın adına, mandatına uyğun konfrans keçiriləcək. Bu barədə ictimaiyyətə əlavə bilgi veriləcək.