Sumqayıt tələbələrinin “Bilik” festivalı layihəsinə start verilmişdir

86

Sumqayıt Gənclər evində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə “Sumqayıt Tələbələri” İctimai Birliyi tərəfindən Sumqayıt tələbələrinin “Bilik” festivalı layihəsinin açılış mərasimi və “Xəmsə”  müsabiqəsi keçirilmişdir.
“Sumqayıt tələbələri” İctimai Birliyinin sədri Rüfət Mahmudzadə müsabiqə iştirakçıların və qonaqları salamlayaraq, onlara layihənin məqsədləri – gənclərin dünyagörüşlərinin, bilik və bacarıqlarının artırılması, müsabiqə mədəniyyətinin formalaşdırılması haqqında məlumat vermiş və eyni zamanda bu növ layihələrin gənclər sektorunda inkişaf mühitinin yaxşılaşdırmasına xidmət etdiyini bildirmişdir.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov çıxışında gənclərin intellektual inkişafı dövlətin gənclər siyasətinin əsas istiqamətlərindən olması, bu istiqamətin həyata keçirilməsində gənclərin inkişaf səviyyəsinin yüksəldilməsi haqqında danışmışdır. Elgün Hümbətov Sumqayıt şəhərində intellektual yönümlü müsabiqə və yarışların kütləviləşməsi, bu tip tədbirlərə gənclərin daha geniş kütlələrinin cəlb edilməsi, onların ictimai fəallığının artırılması və özlərinə inam hissinin formalaşdırılmasının vacibliyini də qeyd etmişdir.
Şəhər Təhsil şöbəsinin metodisti Cəmilə Fəyyaz cıxışında bilikli gəncləri üzə çıxarması,  onların fərdi inkişaflarına yardım edilməsi bu gün gənclər siyasətinin əsas istiqamətlərindən olduğunu bildirmişdir.
Müsabiqənin ümumi nəticələrinə görə 11 saylı məktəbin “Generation” komandası 1-ci, TET Gimnaziyanın “Camelot” komandası 2-ci, TTELiseyinin Excalibur komandası 3-cü yerə layiq görülmüşlər. Sonda Qaliblərə Kubok, medal, Fəxri Fərman və hədiyyələr təqdim olunmuşdur.
Müsabiqədə şəhərin və ümumi təhsil müəssisələrinin şagirdləri, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, gəncələr təşkilatlarının nümayəndələri, aktiv gənclər və kütləvi informaisya vasitələrinin nümayəndələri iştirak etmişlər. Layihə çərçivəsində keçirilən müsabiqədə Sumqayıt şəhərinin 144 nəfər gənci iştirak etmişdir.