Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilmişdir

4479

4 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib. Tədbirdə Fond tərəfindən elan edilmiş 11-ci qrant müsabiqəsinin nəticələrinin təsdiqlənməsi və Fondun fəaliyyətini tənzimləyən bir sıra sənədlərin qəbul edilməsi məsələlərinə baxılıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 29 avqust tarixli Sərəncamı ilə Gənclər Fondunun Müşahidə Şurasının yeni tərkibi təsdiq edilmişdir.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev 11-ci qrant müsabiqəsi barədə Şura üzvlərinə məlumat verərək bildirib ki, 2018-ci il avqustun 28-dən sentyabrın 23-dək Fonda “A” (gənclər təşkilatlarının yerli layihələri), “B” (gənclər təşkilatlarının beynəlxalq layihələri) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə cəmi 1134 layihə təklifi daxil olub. Layihə təklifləri Fond tərəfindən ilkin ekspertizadan keçirilmiş və onların müəyyən edilmiş qaydalara uyğun tərtib edilməsi yoxlanılmışdır.
Müşahidə Şurasında aparılan müzakirələr nəticəsində ilkin ekspertizanın nəticəsində müsabiqəyə buraxılmış “Akateqoriyası üzrə 91, “B” kateqoriyası üzrə 8, “C” kateqoriyası üzrə 271, yəni ümumilikdə 370 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilmişdir.
İclas çərçivəsində  Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2018-ci il tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası“nın icrasını təmin etmək məqsədilə Fondun bir sıra prosedur sənədləri qəbul edilmişdir. Bu sənədlər Fondun yeni maliyyələşdirmə istiqamətləri, o cümlədən xaricdə təhsil, beynəlxalq təşkilatlarda təcrübə keçmə, beynəlxalq tədbirlərdə iştirak, həssas kateqoriyada olan gənclərin təhsil prosesinin maliyyələlşdirilməsi, əmək haqqının qismən maliyyələşdirilməsi və s. üzrə müraciət qaydaları, onlara baxılması və qiymətləndirilməsi meyarlarını tənzimləyir.
İclasda, həmçinin Müşahidə Şurasının üzvləri – Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri  Məryəm Məcidova, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak ediblər.