Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycanın dayanıqlı gənclər siyasətinin Heydər Əliyev modeli” adlı tədbir keçirilib

552

Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycanın dayanıqlı gənclər siyasətinin Heydər Əliyev modeli” adlı tədbir keçirilib.
Tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, bu gün ölkə həyatında elə bir sahə yoxdur ki, Heydər Əliyevin izi, imzası olmasın: “Təbii ki, həm sosial iqtisadi, həm mədəni, həm siyasi sahələrdə əldə etdiyimiz bütün uğurların, nailiyyətlərin təməlində Heydər Əliyevin müdrik siyasəti və uzaqgörən fəaliyyəti olub. Gənclər siyasəti də Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutur. Ulu öndər gənclərə ata qayğısı ilə xüsusi münasibət göstərib, protokol qaydalarına məhəl qoymadan gənclərimizlə daim səmimi ünsiyyətdə olub, onların sevinc və kədərini bölüşüb, qayğılarına şərik çıxıb. Bu da təbii ki, Heydər Əliyevin gənclərin gözündə ucalmasına səbəb olub”.
F. Cəfərov bildirib ki, hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Heydər Əliyev Azərbaycan gəncliyinin inkişafı və gələcəkdə Azərbaycanın peşəkar kadrlarla təmin olunmasında əvəzsiz rol oynayıb: “Heydər Əliyev sovetlər dönəmində minlərlə Azərbaycan gəncini Sovet İttifaqının nüfuzlu ali təhsil müəssisələrində, o cümlədən Moskvada, Kiyevdə, Peterburqda, Minskdə və digər şəhərlərdə ali təhsil almağa göndərib. Məhz bu kadrlar Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın qurulmasına əvəzsiz töhfələr verib”.
Fondun icraçı direktoru qeyd edib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da Heydər Əliyev gənclər siyasətini diqqət mərkəzində saxlayıb: “O dövrdə Azərbaycanda hərc-mərclik idi. Heydər Əliyev Azərbaycanı yalnız bu böhran vəziyyətindən xilas etməyib, həm də gələcək inkişafın əsasını qoyub. Azərbaycan gəncliyi gənclərimizi bugünkü işıqlı yola aparan uğurlu gənclər siyasətinin əsasını qoymuş Heydər Əliyevin xairəsini daim ehtiramla yad edirlər”.
Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva “Müstəqil Azərbaycanın dayanıqlı gənclər siyasətinin Heydər Əliyev” modeli mövzusunda təqdimatla çıxış edib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev 2018-ci ilin ölkəmiz üçün əlamətdar olduğunu diqqətə çatdırıb. Nazir müavini vurğulayıb ki, bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ölkəmizin bütün bölgələrində, eləcə də xaricdə yaşayan azərbaycanlılar tərəfindən təntənə ilə qeyd olunur. Həmçinin cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Ordusunun, Milli Məclisin yaradılmasının 100 illiyi qeyd olunacaq. Bütün bunlar Azərbaycanın zəngin dövlətçilik tarixindən xəbər verir. Ölkəmizin inkişafında və çiçəklənməsində Heydər Əliyev şəxsiyyətinin rolu böyükdür.
“Bu gün Azərbaycanda milli gənclər siyasətinin inkişafı, onların maraqlarının təmin olunması, idarəçilik sistemində önə çəkilməsi, hüquqlarının qorunması dövlətimizin başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Ölkəmizin gənclər siyasəti dünyada bir model kimi qəbul olunur. Bu model hazırda bəzi ölkələr tərəfindən tətbiq edilir. Biz də dünya təcrübəsini öyrənir və uğurlu məqamları tətbiq etməyə çalışırıq. Bütün bunlar ulu öndər Heydər Əliyevin banisi olduğu uğurlu gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi sayəsində mümkün olub”, – deyə İntiqam Babayev qeyd edib.
Ulu öndər Heydər Əliyevin digər sahələrə olduğu kimi, gənclərə də diqqət və qayğı göstərdiyini diqqətə çatdıran Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib: “Bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyev gənclərə ən yüksək səviyyədə diqqət və qayğı göstərir. Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaradıb və Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter almasına nail olub. Ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritet istiqamətlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaradıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, Gənclər Fondunun keçirdiyi qrant müsabiqələrinin müxtəlif kateqoriyalar üzrə qalibləri Elvin İsmayılov və Leyla Zeynalova ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyəti barədə məlumat verib, vətənpərvər, bilikli, sağlam gənc nəslin formalaşmasında Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıblar.