“Kinematoqrafçı” layihəsi davam edir

314

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun X qrant müsabiqəsi çərçivəsində təmin edilmiş maliyyə dəstəyi ilə “Məktəblinin Dostu” layihəsi çərçivəsində kinematoqrafiya sahələrinin yuxarı sinif şagirdləri arasında təbliği məqsədilə “Kinematoqrafçı” layihəsi davam edir.
3-cü həftəsində olan layihədə ideyanın formalaşması, rejissorluq, operatorluq və aktyorluq sənətinin əsasları mövzularında təlimlər keçirilir və bu sahədə fəaliyyət göstərmək istəyən gənclərə mütəxəssislər öz tövsiyələrini verir. Təlimlərdə nəzəri biliklərlə yanaşı, praktiki seminarlar keçirilir və fərdi işlər hazırlanır.
Layihə çərçivəsində 9 təlim tamamlandıqdan sonra əyani iş prosesi ilə tanış olmaq üçün şagirdlərin C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına ekskursiyası da həyata keçirilib. Ekskursiyada kinostudiyanın tarixi haqda məlumat verilib, maraqlı faktlar paylaşılıb. Şagirdlər əlbisə və aksesuarlar bölümündə, animasiya bölümündə iş fəaliyyəti ilə tanış olublar, daha sonra səs və işıq avadanlıqlarının işləmə mexanizmi, çəkiliş studiyalarının qurulması haqda məlumatlandırılıblar.  Kinostudiyanın bütün əsas bölümlərini əhatə edən səfərdə şagirdlərin sualları cavablandırıb və təlimdə qazanılan biliklər əyani nümunələrlə izah edilib.
Ümumilikdə, təlimlərdə “Məktəblinin Dostu” layihəsinin tətbiq olunduğu 32 məktəbdən cəlb edilmiş 70 şagird iştirak edir. Təlimlər Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunları Asif Qəhrəmanov, Məzahir Həşimov və Amil Məmiyev kimi sahəsinin peşəkarları tərəfindən aparılır.
Layihə şagirdlərin tapşırıq mərhəsi tamamlandıqdan sonra təltif mərasimi ilə yekunlaşacaq.
Qeyd edək ki,  “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.