Gənclər arasında ictimai davranış qaydalarına həsr olunan təqdimat keçirilib

175
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Sosial çarxlar vasitəsi ilə gənclər arasında ictimai davranış qaydalarının təbliğinə dəstək” layihəsi çərçivəsində hazırlanmış video roliklərin təqdimat mərasimi keçirilib. Binəqədi Gənclər Evində baş tutan tədbirdə layihənin yekunu olaraq gənclər arasında ictimai davranış qaydalarının təbliğinə dair hazırlanmış video çarxlara baxış keçirilib və layihə barədə ümumi müzakirə aparılıb.
Layihənin rəhbəri Günel Abdullayeva tədbir iştirakçılarına layihə barədə ümumi məlumat verərək bildirib ki, video çarxlar hal-hazırda aktual olan 3 müxtəlif  mövzuya həsr olunub. “Xanımları narahat edən münasibət”, “Öz şəhərinin meri ol” və “İctimai nəqliyyatda etik qaydaların qorunması” mövzularında olan video çarxlar sosial və internet mediasında asan paylaşıla bilən formatda hazırlanıb və ölkənin ən çox oxucu kütləsi olan internet media qurumlarının saytlarında, eləcə də həmin saytların facebook səhifələrində paylaşılması nəzərdə tutulub.
Üç ay ərzində icra olunmuş layihənin əsas məqsədi multimedia imkanlarından geniş istifadə edərək cəmiyyətimiz üçün ictimai aktuallıq kəsb edən bir sıra məsələlərin qabardılması və bu yöndə gənclər arasında ictimai davranış qaydalarının təbliğinə dəstək olmaq üçün video çarxları hazırlamaq idi.
“Sosial çarxlar vasitəsi ilə gənclər arasında ictimai davranış qaydalarının təbliğinə dəstək” layihəsinin ideyası Günel Abdullayevaya məxsusdur və Azərbaycan Respublikasının Gənclər Fondunun 10-cu qrant müsabiqəsində qalib seçilərək maliyyələşdirilib.