Səfər Qrantı

Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun Müşahidə Şurasının
17 dekabr 2015-ci il tarixli 04 (15) saylı

iclasının qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun Müşahidə Şurasının
8 aprel 2016-cı il tarixli 01 (16) saylı

iclasının qərarı ilə dəyişiliklər edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondu tərəfindən beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi  QAYDALARI

  1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (bundan sonra – Fond) tərəfindən 16-29 yaşlı fiziki şəxslərə “D” kateqoriyası üzrə beynəlxalq tədbirlərdə iştirak qrantının (bundan sonra – səfər qrantı) verilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Qaydalar Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2011-ci il tarixli 542 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Nizamnaməsi”nə, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqələrində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair Təlimat”a və “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun hazırlanmışdır.

  1. Müraciətin forması və şərtləri

2.1. Səfər qrantı üçün müraciət etmək istəyən şəxs Fondun rəsmi internet saytında (www.youthfoundation.az) müvafiq qaydada qeydiyyatdan keçməli, şifrə və parol almalıdır.

2.2. Səfər qrant üçün yalnız 1629 yaş həddində olan tədqiqatçılar, ictimai fəal, istedadlı və yaradıcı gənclər  müraciət edə bilərlər.

2.3. Müraciət beynəlxalq tədbirin başlayacağı vaxtdan azı 30 təqvim günü əvvəl edilməlidir.

2.4. Müraciət edən şəxs təqdim olunmuş ərizə formasını elektron qaydada tam doldurmalı, hər bir suala ətraflı cavab verməli, əsaslandırmalı və tələb olunan sənədləri əlavə etməlidir.

2.5. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

  • beynəlxalq tədbirdə iştirak edəcək şəxsə ünvanlanmış rəsmi dəvətnamə (dəvətnamə təşkilatın rəsmi blankında və rəhbər şəxsin imzası ilə olmalıdır, əks təqdirdə sənədlər toplusu natamam sayılır);
  • Şəxsə ünvanlanmış rəsmi dəvətnamədə beynəlxalq tədbirdə iştirak etmək üçün tələb olunan nəqliyyat və ya yaşayış xərcinin təşkilatçı tərəfindən ödənilməməsinə dair məlumat öz əksini tapmalıdır.
  • tədbirin proqramı;
  • müraciət edən şəxsin tədbirdəki çıxışının mətni və ya təqdimat materialları (əgər olarsa);
  • yarış və ya müsabiqədə iştirak etmək üçün müraciət edən şəxsin həmin sahə üzrə göstəricilərini təsdiqləyən sənədlər (əgər olarsa);
  • müraciət edən şəxs şagird və ya tələbə olduqda, təhsil aldığı müəssisənin rəhbərliyinin həmin şəxsin səfərdə iştirakı ilə bağlı razılıq məktubu (səfər tədris dövrünə təsadüf edərsə);
  • müraciət edən şəxsin pasportunun surəti.

2.6. Beynəlxalq tədbirdə iştirak etmək üçün tələb olunan nəqliyyat və ya yaşayış xərclərindən yalnız biri üçün Fonda müraciət edilə bilər. Hər iki xərcin ödənişi dəvət olunan şəxsin üzərinə qoyulduğu halda da eyni qayda tətbiq edilir.

2.7. Tədbirin keçiriləcəyi günlərin sayından asılı olmayaraq, yaşayış xərci Fond tərəfindən maksimum 7 (yeddi) gün üçün ödənilə bilər.

2.8. Beynəlxalq qeyri-hökumət təşkilatlarına üzvlük və tədbirlərdə iştirak haqlarının ödənilməsi üçün səfər qrantı ayrılmır.

2.9. Səfər qrantı üçün müraciətlərin qəbulu mütəmadi xarakter daşıyır.

2.10. Bir şəxs il ərzində Fonddan “D” kateqoriyası üzrə yalnız 1 dəfə qrant ala bilər.

2.11. Aşağıda qeyd olunan şəxslər səfər qrantı üçün müraciət edə bilməz:

  • Fonddan qrant almış, lakin hesabatı təqdim etməmiş şəxslər;
  • hərbi qulluqçular və dövlət qulluqçuları;
  • beynəlxalq tədbirin keçirildiyi ölkədə yaşayan Azərbaycan Respublikası vətəndaşları;
  • ixtisası və ya fəaliyyəti beynəlxalq tədbirin mövzusuna uyğun olmayan şəxslər;
  • qanunvericiliyin tələblərini pozmuş və barəsində məhkəmənin müvafiq qərarı olan şəxslər;
  • xarici ölkə vətəndaşları.

2.12. Fond beynəlxalq tədbirdə iştirak edən şəxsin işlədiyi və ya təhsil aldığı müəssisədə olmadığı günlərə görə öhdəlik daşımır.

2.13. Siyasi və dini yönümlü tədbirlərdə iştirak, xaricdə təhsil və turizm səfərləri üçün səfər qrantı ayrılmır.

  1. Müraciətin qiymətləndirilməsi

3.1. Müraciətin qiymətləndirilməsi 3 mərhələdə həyata keçirilir:

  • müraciətin bu Qaydalara uyğunluğunun araşdırılması;
  • müraciət edən şəxslə müsahibənin aparılması və müvafiq arayışın hazırlanması;
  • yekun qərarın qəbul edilməsi.

3.2. Müraciətin bu Qaydalara uyğunluğunun yoxlanılması, müraciət edən şəxslə müsahibənin aparılması və müvafiq arayışın hazırlanması Fondun aparatı tərəfindən həyata keçirilir. Fondun aparatı:

  • müraciətin qeydiyyatını aparır;
  • ərizənin və ona əlavə olunmuş sənədlərin uyğunluğunu, verilmiş məlumatların dəqiqliyini yoxlayır;
  • bir şəxsin il ərzində səfər qrantı üçün neçə dəfə müraciət etdiyini, səfər üçün digər mənbələrdən maliyyə vəsaiti əldə edib-etmədiyini müəyyənləşdirir;
  • müraciətçinin əvvəllər aldığı qrantların hesabatlılıq vəziyyətini araşdırır;
  • müraciət edən şəxsi müsahibəyə dəvət edir;
  • onun tədbirlə bağlı məlumatlılıq səviyyəsini və xarici dil biliklərini müəyyənləşdirir;
  • səfərlə bağlı tələb olunan digər məsələləri aydınlaşdırır;
  • müvafiq arayış hazırlayaraq Fondun icraçı direktoruna təqdim edir.

3.4. Müraciətlə bağlı yekun qərar Fondun Müşahidə Şurası sədrinin yazılı razılığı əsasında Fondun icraçı direktoru tərəfindən qəbul edilir.

3.5. Müraciət edən şəxs üzrlü səbəbdən Azərbaycan Respublikasında olmadıqda, Fondun aparatı onunla müsahibəni telefon və ya digər əlaqə vasitələri ilə həyata keçirir. “Maliyyə dəstəyinin göstərilməsi haqqında müqavilə”nin imzalanması, təsviri və maliyyə hesabatlarının təqdim olunması isə həmin şəxsin notarial qaydada etibarnamə və ya vəkalətnamə verdiyi digər şəxs tərəfindən həyata keçirilir.

3.6. Bir neçə şəxs eyni beynəlxalq tədbirdə iştirak etmək üçün müraciət etdikdə, onlardan yalnız birinə (mədəniyyət tədbirlərində və ya intellektual müsabiqələrdə qrup şəkilində iştirak etmək üçün təqdim olunmuş müraciətlər istisna olmaqla) səfər qrantı verilə bilər.

3.7. Müraciətlə bağlı qərar səfərin başlanmasından azı 15 (on beş) gün əvvəl qəbul edilir.

  1. Səfər qrantının verilməsi

4.1. Səfər qrantı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hesablanır və ödənilir.

4.2. Səfər qrantın verilməsi 2 mərhələdə həyata keçirilir. Səfərdən əvvəl vəsaitin 70 faizi, səfər başa çatdıqdan və  yekun hesabat təqdim edildikdən sonra isə qalıq 30 faiz ödənilir.

4.3. Ayrılmış vəsait Azərbaycan manatı (AZN) ilə ödənilir.

4.4. Ehtiyac olduğu təqdirdə, ayrılan maliyyə vəsaiti xarici valyuta ilə də ödənilə bilər. Ödəniş edilən zaman, qrantla bağlı qərar qəbul edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının qüvvədə olan məzənnəsi əsas götürülür.

4.5. Resipiyentə ayrılmış maliyyə vəsaiti Fond tərəfindən təsdiq edilmiş büdcəyə uyğun xərclənməlidir. Büdcə xərclərində dəyişiklik etmək zərurəti yaranarsa, öncədən Fondun icraçı direktoruna rəsmi qaydada müraciət olunmalı, dəyişikliklər təsdiq edilməlidir.

4.6. Səfər baş tutmadıqda və ya təxirə salındıqda, ödənilmiş vəsait Fonda qaytarılır.

  1. Hesabatlılıq

5.1. Beynəlxalq səfər başa çatdıqdan sonra 3 gündən gec olmayaraq, müvafiq təsviri və maliyyə hesabatı təsdiqləyici sənədlərlə birlikdə Fonda təqdim edilməlidir.

5.2. Hesabatlar Fond tərəfindən təsdiq edilmiş formalara uyğun olaraq, Azərbaycan dilində tərtib edilir.

5.3. Qrup şəklində beynəlxalq tədbirdə iştirak edən şəxslərin hesabatları ayrı-ayrılıqda qəbul edilir.

5.4. Ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ Fonda qaytarılır.

5.5. Fond hesabatların yoxlanılması prosesində səfər və onun nəticələri barədə daha ətraflı təsəvvür əldə etmək üçün resipiyentdən əlavə məlumat və sənədlər tələb edə bilər.

5.6. Fond təqdim olunmuş hesabatları yoxladıqdan sonra onları təsdiq edir və bu barədə resipiyenti məlumatlandırır.

  1. Yekun müddəalar

6.1. Fond ayrılmış səfər qrantının təyinatı üzrə xərclənmədiyini, resipiyentin beynəlxalq tədbirdə iştirak etmədiyini və ya digər pozuntuları aşkar edərsə, onun maliyyə dəstəyi almaq imkanlarını 2 (iki) ilədək müddətə məhdudlaşdıra, dayandıra və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər tədbirlər görə bilər.

6.2. Səfər qrantı ilə bağlı informasiyalar Fondun internet səhifəsində yerləşdirilir.