Hesabat

Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun Müşahidə Şurasının
03 sentyabr 2014-cü il tarixli 02 (10) saylı
iclasının qərarı ilə təsdiq olunmuşdur

Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş
layihənin icrasının yekunu ilə bağlı resipiyentdən tələb olunan
sənəd və materialların

SİYAHISI

Təsviri hesabat üçün:

1. Resipiyent tərəfindən ətraflı şəkildə doldurulmuş təsviri hesabat forması (forma siyahıya əlavə olunur);

2. Layihə çərçivəsində həyata keçirilmiş tədbirlərin iştirakçılarının adlı-imzalı siyahısı (gənclər təşkilatı tərəfindən təqdim olunan siyahıda təşkilatın möhürü vurulmalıdır);

3. Layihə çərçivəsində keçirilən tədbirlərin proqramları və çap materiallarının hər birindən 3 nüsxə (buklet, broşur, flayer, kataloq, dəvətnamə, diplom, sertifikat, poster, köynək, papaq, qələm, məlumat daşıyıcısı (flashcard) və s.);

4. Resipiyentin Fond tərəfindən maliyyələşdirilmiş layihəsinin təsdiqlənmiş icra planı və büdcəsinin surəti;

5. Layihə çərçivəsində keçirilmiş tədbirlərdən foto və video materiallar;

6. Layihə haqqında kütləvi informasiya vasitələrində (qəzet, jurnal, televiziya, radio, internet saytı) yerləşdirilmiş materialların surəti.

Təsviri hesabat formasını buradan yükləyin

Maliyyə hesabatı üçün

1. Resipiyent tərəfindən doldurulmuş 4 və 6 nömrəli maliyyə hesabatı formalarının əsli (formalar siyahıya əlavə olunur);

2. Resipiyentə ödəniləcək 30% maliyyə vəsaitinin hesab fakturasının əsli;

3. Gənclər təşkilatının kassa mədaxil orderinin surəti (maliyyə vəsaitinin hərəkəti müəssisələrlə köçürmə yolu ilə aparılırsa, ödəniş tapşırığının surəti əlavə olunmalıdır);

4. Kassa məxaric orderinin surəti (kassadan təhtəlhesab şəxsə verilmiş hər bir maliyyə məbləğinə ayrı-ayrılıqda kassa məxaric orderi yazılmalıdır);

5. Fond tərəfindən maliyyələşdirilmiş layihənin icrasına başlanması barədə əmrin surəti;

6. Layihəyə cəlb olunmuş işçilərin (koordinator, mühasib, təlimçi, ekspert və s.) işə götürülməsi barədə əmrin, əmək müqaviləsinin, əmək haqqının ödənişi cədvəlinin və icbari sığorta haqqında sənədin surəti (əmək haqqı, Fondun qoyduğu tələbə uyğun olaraq, minimum 150 AZN olmalıdır. İşçilərin icbari sığortası məcburidir. Cəlb olunan işçilər icbari sığorta olunmadığı halda, maliyyə hesabatı zamanı büdcə üzrə əmək haqqı hissəsinə ayrılmış maliyyə vəsaiti resipiyentə ödənilmir. Fond tərəfindən resipiyentin təsdiqlənmiş büdcəsi üzrə ayrılan maliyyə vəsaitinin 30%-ə qədəri əmək haqqına yönəldilə bilər);

7. Layihəyə cəlb olunmuş işçi VÖEN-li xidmət göstərdiyi halda, onun kassa mədaxil orderinin, vergi tutulmalarını təsdiq edən ödəniş qəbzinin, görülmüş işlərin yekununa dair layihə rəhbəri ilə qarşılıqlı imzalanmış təhvil-təslim aktının, VÖEN-in və şəxsiyyət vəsiqəsinin surəti;

8. Gənclər təşkilatlarında əmək haqqından tutulmuş vergi və digər ödənişlərin (gəlir vergisi-14%; DSMF – 22% və 3%) köçürülməsi barədə ödəniş tapşırığının surəti;

9. Ezamiyyə vərəqəsinin və kassa mədaxil orderinin surəti (ezamiyyə xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 №-li və 20.09.2011-ci il tarixli 144 №-li qərarı ilə təsdiq olunmuş normativlərə uyğun olaraq hesablanır). Ezam edilən hər bir şəxs üçün daxili əmr olmalıdır. Ölkədaxili ezamiyyə xərcləri neçə nəfər və neçə gün göstərilməklə, mehmanxana tərəfindən verilmiş təsdiqedici sənədlər əsasında hesablanır. Belə sənədlər olmadığı halda, ezamiyyə xərcinin yaşayış xərci hissəsinin 50%-i ödənilir. Ezamiyyə vərəqəsi şəxsin getdiyi rayonun (şəhərin) aidiyyəti dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, ali və orta ixtisas təhsili müəssisələrinin və ya mehmanxananın möhürü ilə təsdiq olunmalıdır;

10. Ezamiyyə haqqında əmrin surəti (əmrdə ezam olunmuş şəxsin gənclər təşkilatına aidiyyəti göstərilməlidir). Layihə çərçivəsində könüllülər yaşadığı ərazidən digər əraziyə ezam edildiyi halda, onların ezam olunması haqqında daxili əmrin və onlarla bağlanılmış müqavilənin surəti tələb olunur;

11. Ezamiyyə zamanı ezam olunmuş şəxslər, o cümlədən layihə iştirakçıları mehmanxana və mehmanxana tipli obyektlərdə yaşayış xidmətindən istifadə edərkən və ya bu xidmət digər hüquqi və fiziki şəxslər tərəfindən təşkil olunarkən təqdim olunan ciddi hesabat sənədi (kassa mədaxil orderi) və adlı siyahı mehmanxana obyektinin adı əks olunmuş möhürlə təsdiq olunmalıdır. Təqdim olunan ciddi hesabat sənədlərinin möhüründə mehmanxananın adı əks olunmadığı halda, mehmanxana və ya mehmanxana tipli obyektlərin fəaliyyəti ilə bağlı lisenziyanın surəti tələb olunur;

12. Ölkədaxili ezamiyyə zamanı yerli iştirakçıların mehmanxana tərəfindən təsdiq edilmiş adlı-imzalı siyahısına uyğun şəxsiyyət vəsiqələrinin surəti;

13. Layihə çərçivəsində xarici ölkələrdən Azərbaycana gəlmiş şəxslərin adlı-imzalı siyahısı, nəqliyyat xərclərini təsdiq edən sənədin, pasport və enmə talonunun surəti (pasportda Dövlət Sərhəd Xidmətinin giriş və çıxış möhürü olmalıdır);

14. Ölkəxarici ezamiyyə zamanı layihə iştirakçılarının adlı-imzalı siyahısı, nəqliyyat xərclərini təsdiq edən sənədin, pasport və enmə talonunun surəti (pasportda Dövlət Sərhəd Xidmətinin giriş və çıxış möhürü olmalıdır);

15. Resipiyentin beynəlxalq danışıqlar və internet xidməti üçün Avtomat Telefon Stansiyası (ATS) ilə imzaladığı müqavilənin, ATS-in verdiyi çıxarışların, ödəniş qəbzinin, resipiyent ofis icarəyə götürübsə icarə müqaviləsinin, həmin ofisə aid olan telefon nömrəsi üçün ATS-lə imzaladığı müqavilənin surəti (beynəlxalq danışıqlar və internet xidməti ATS-lə müqaviləsi olan şəhər telefonları üçündür. Kommunikasiya xidmətləri üçün ayrılmış maliyyə vəsaiti ATS-lə müqaviləsi olan şəhər telefonundan şəhərlərarası və mobil operatorlara zəng etmək üçün büdcədə nəzərdə tutulmuş limiti keçməmək şərti ilə və yalnız ATS-in verdiyi çıxarış əsasında ödənilir);

16. Yemək xərci (1 nəfər * 10,00 manatadək), çay-kofe (1 nəfər * 3,00 manatadək) nəfər * gün * dəfə açıqlaması ilə göstərilməlidir;
Tələb olunan sənədlər: kassa məxaric orderinin, kassa mədaxil orderinin və ya kassa çekinin, müqavilənin, qiymətlərin razılaşdırma protokolunun, qaimə-faktura və ya təhvil-təslim aktının, büdcə üzrə göstərilmiş iştirakçı sayına uyğun adlı-ünvanlı-imzalı siyahının və menyunun (kalkulyasiyanın) surəti;

17. Dəftərxana ləvazimatları (1 nəfər * 1,00 manatadək); Xüsusi hazırlanmış yazı təsvirli dəftərxana ləvazimatı dəsti (1 nəfər * 3,00 manatadək) üçün ayrılmış maliyyə vəsaiti büdcədə nəzərdə tutulmuş limiti keçməmək şərti ilə ödənilir.

Tələb olunan sənədlər: kassa məxaric orderinin, kassa mədaxil orderinin və ya kassa çekinin, müqavilənin, qiymətlərin razılaşdırma protokolunun, qaimə-faktura və ya təhvil-təslim aktının, büdcə üzrə göstərilmiş iştirakçı sayına uyğun adlı-ünvanlı-imzalı paylama cədvəlinin surəti;

18. Təlim və tədbir üçün zalın icarəsi (1 gün * 300,00 manatadək), foto və video çəkilişi (1 gün * 150,00 manatadək) üçün ayrılmış maliyyə vəsaiti büdcədə nəzərdə tutulmuş limiti keçməmək şərti ilə ödənilir.
Tələb olunan sənədlər: kassa məxaric orderinin, kassa mədaxil orderinin və kassa çekinin, müqavilənin, qiymətlərin razılaşdırma protokolunun, qaimə-faktura və ya təhvil-təslim aktının surəti;

19. Nəqliyyatın icarəsi (1 gün * 250 manatadək) üçün ayrılmış maliyyə vəsaiti büdcədə nəzərdə tutulmuş limiti keçməmək şərti ilə ödənilir.
Tələb olunan sənədlər: kassa məxaric orderinin, kassa mədaxil orderinin və ya kassa çekinin, müqavilənin, qiymətlərin razılaşdırma protokolunun, qaimə-faktura və ya təhvil-təslim aktının və xidmət göstərən nəqliyyat vasitəsinin texniki pasportunun surəti (ayrılmış nəqliyyat vasitəsinin hansı nəqliyyat formasına aid olduğu göstərilməlidir);

20. Tədbirin təşkili xərcləri (papaq, köynək və s. alınması – 1 nəfər * 1 ədəd * 15 manatadək nəzərdə tutulub) üçün ayrılmış maliyyə vəsaiti büdcədə nəzərdə tutulmuş limiti keçməmək şərti ilə ödənilir;
Tələb olunan sənədlər: kassa məxaric orderinin, kassa mədaxil orderinin və ya kassa çekinin, müqavilənin, qiymətlərin razılaşdırma protokolunun, qaimə-faktura və ya təhvil-təslim aktının, büdcə üzrə göstərilmiş iştirakçı sayına uyğun adlı-ünvanlı-imzalı paylama cədvəlinin surəti;

21. Mətbəə xərcləri (1 ədəd * 5,00 manatadək) büdcədə nəzərdə tutulmuş limiti keçməmək şərti ilə ödənilir. Mətbəə xərcləri bölməsində yalnız kitab çapı nəzərdə tutulur;
Tələb olunan sənədlər: kassa məxaric orderinin, kassa mədaxil orderinin və ya kassa çekinin, müqavilənin, qiymətlərin razılaşdırma protokolunun, qaimə-faktura və ya təhvil təslim aktının, aidiyyəti dövlət orqanları, yerli özünüidarəetmə orqanları, ali və orta ixtisas təhsili müəssisələri tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuş paylama aktının surəti (aktın əsli baxılması üçün tələb oluna bilər);

22. Buklet-broşur (1 ədəd * 0,10 – 0,80 manat arası), flayer və cib təqvimi (1 ədəd * 0,10 – 0,50 manat arası), kataloq, jurnal və poster (1ədəd * 1,80 manatadək), dəvətnamə, diplom və sertifikat (1ədəd * 1,50 manatadək), layihənin adının qeyd olunduğu rollap (1ədəd * 80,00 manatadək), layihənin adının qeyd olunduğu banner (minimum 100 * 200 sm ölçüdə, 1 ədəd * 150,00 manatadək) və s. bu kimi çap materiallarının xərcləri büdcədə nəzərdə tutulmuş limiti keçməmək şərti ilə ödənilir. Bütün çap materiallarında Fondun loqosu əks olunmalıdır;
Tələb olunan sənədlər: kassa məxaric orderinin, kassa mədaxil orderinin və ya kassa çekinin, müqavilənin, qiymətlərin razılaşdırma protokolunun, qaimə-faktura və ya təhvil-təslim aktının, aidiyyəti dövlət orqanları, yerli özünüidarəetmə orqanları, ali və tam orta ixtisaslı təhsil müəssisələri tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuş paylama aktının surəti (aktın əsli baxılması üçün tələb oluna bilər);

23. Hədiyyə xarakterli mal-materialların alınması xərcləri (məlumat daşıyıcısı, kubok, suvenir və s.) büdcədə nəzərdə tutulmuş limiti keçməmək şərti ilə ödənilir;
Tələb olunan sənədlər: kassa məxaric orderinin, kassa mədaxil orderinin və ya kassa çekinin, müqavilənin, qiymətlərin razılaşdırma protokolunun, qaimə-faktura və ya təhvil-təslim aktının, büdcə üzrə göstərilmiş iştirakçı sayına uyğun adlı-ünvanlı-imzalı paylama cədvəlinin surəti;

24. Bank çıxarışının surəti.

Maliyyə hesabat formasını buradan yükləyin