“Karyera Akademiyası” gənclər üçün qış məktəbi layihəsi uğurla başa çatdı

198

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyinin 5 ay ərzində həyata keçirdiyi “Karyera Akademiyası” gənclər üçün qış məktəbi layihəsi 10 aprel 2017-ci il tarixində başa çatmışdır. Layihənin əsas məqsədi cənub regionunda yaşayan gənclərin karyera imkanları və peşə bacarıqlarını inkişaf etdirməkdən ibarət olmuşdur.
Layihənin rəhbəri Rövşən Bağırovun verdiyi məlumata görə Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarından onlayın ərizə forması ilə seçilmiş 25 nəfər gənc üçün 24-25-26 fevral tarixlərində Lənkəranda yerləşən Palmalife Resort otelində 3 günlük interaktiv təlimlər təşkil olunmuşdur. Təlimçi və ekspert tərəfindən gənclərə dövlət qulluğu və özəl sektorda karyera qurmağın yolları, CV və istək məktublarının yazılma qaydaları, düzgün iş müsahibələri, işədüzəlmə üçün hüquqi sənədlərin tərtibi, əmək müqavilələrinin bağlanması, dövlət qulluğuna hazırlıq və müraciət qaydaları və sair mövzular haqqında nəzəri biliklər və praktiki bacarıqlar aşılanmışdır. Sonda hər bir iştirakçıya təşkilat tərəfindən Sertifikatlar təqdim olunmuşdur. Təlim kursunu bitirmiş bir qrup gənclər istəklərinə uyğun olaraq dövlət və özəl müəssisələrdə 1 aylıq təcrübə mübadiləsinə cəlb edilmişdir. Onlar arasında hal-hazırda Astara rayonunda səyyari xidmət göstərən Asan Xidmət avtobuslarında işləyən gənclər də var.