“Gənclərin ekoloji mədəniyyətinin artırılmasına təşəbbüs dəstəyi” mövzusunda tədbir keçirilmişdir

292

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yeniləşən Azərbaycan Gəncliyi” ictimai birliyi 11 aprel 2017-ci ildə Sumqayıt şəhərində “Gənclərin ekoloji mədəniyyətinin artırılmasına təşəbbüs dəstəyi” mövzusunda tədbir keçirmişdir. Tədbiri açıq elan edən ictimai birliyin səlahiyyətli nümayəndəsi E.Əsədov bildirmişdir ki, 2010-cu il Azərbaycan Respublikasının dövlət başçısı tərəfindən “Ekologiya ili” elan olunmuşdur. Cənab İlham Əliyevin “Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” barədə imzaladığı 2006-cı il 28 sentyabr tarixli sərəncamı, əlaqədar orqanlarla birlikdə hər bir Azərbaycan vətəndaşı üzərinə də böyük öhdəliklər qoyur.
Onu da qeyd edək ki, insanların ekoloji cəhətdən maarifləndirilməsinin erkən yaşda həyata keçirilməsi olduqca zəruridir. Çünki hər bir gənc cəmiyyətimizin gələcək yetkin fərdinə çevrilərək onun inkişafında mühüm rol oynamaq imkanına malikdir. Elə bu səbəbdən gənclərin ekoloji cəhətdən tərbiyələndirilməsinə xüsusi diqqət yetirilməlidir.
Ekspert Aytən Baxışova çıxışında bildirmişdir: “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” 10 dekabr 2002-ci il tarixli dövlət qanunun 7.1-6 maddəsində deyildiyi kimi: “Hər kəsi təbiətə qayğılı və məsuliyyətli münasibət bəsləmək ruhunda tərbiyə etmək” lazımdır.
Bəşəriyyətin müasir inkişaf mərhələsində cəmiyyətlə təbiət arasında münasibətlər daha da kəskinləşmiş, insanları narahat edən ciddi problemlər yaradılmışdır. Keçmiş inkişaf mərhələlərində yaranmış ekoloji problemlərin bünövrəsi üzərində kəskinləşən problemlər XX əsrin son onilliklərindən başlayaraq daha da kəskinləşmiş, müasir dövrün qlobal problemlərinə çevrilmişdir. Coğrafı mühit öz təbii vəziyyətini itirərək faciəli hala düşmüşdür. Min illər ərzində insanın qarşılıqlı əlaqədə olduğu təbii mühit öz təsərrüfat fəaliyyətinin nəticəsində əsaslı surətdə dəyişdirilmişdir. Nəticədə bütün bəşəriyyəti əhatə edən cəmiyyətin sonrakı fəaliyyətini və təsərrüfatın inkişafını təhlükədə qoyan problemlər təbii resursların tükənməsi və ətraf-mühitin çirklənməsi kimi problemlər meydana gəlmişdir. Odur ki, XX əsr insanın təbiətə, onun sərvətlərinə qəddar münasibət bəslədiyi dövr kimi bəşəriyyətin tarixinə qara səhifə ilə həkk olunub. “Azərbaycan hazırda nadir iqtisadi inkişaf dövrünü yaşayır. Ulu öndərimiz Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində respublikamız artıq regionda lider ölkəyə çevrilmişdir. Xalqımızın təbii sağlam mühitdə yaşaması və təbii sərvətlərdən istifadəsi məsələsi son on ildə Respublika Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Bu baxımdan, aparılan sosial-iqtisadi islahatlar da, ölkəmizin ekoloji durumunun gündən-günə yaxşılaşdırılması istiqamətində atılan addımlar da həmin xüsusi diqqət və qayğının bariz nümunəsidir.