Aprel döyüşlərinin ildönümünə həsr olunmuş görüş keçirilib

282

18 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Müdafiə Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin  birgə təşkilatçılığı ilə aprel döyüşlərində iştirak etmiş yüksək rütbəli zabitlərlə gənclər təşkilatlarının nümayəndlərinin görüşünü keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi Azərbaycanın tarixində şanlı hadisə olan aprel döyüşlərinin Azərbaycan asgər və zabitlərinin vətənə olan sevgisinin bir daha sübutu olduğunu qeyd etmişdir.
F.Hacıyev çıxışında deyib ki, bu gün hər bir azərbaycanlı güclü ordusunun olması ilə fəxr edə bilər. O, aprel döyüşlərində Ermənistanın Azərbaycanın artıq 1990-cı ildəki Azərbaycan olmadığını dərk etdiyini bildirib: “Bizim qələbə günümüz uzaqda deyil. Qısa müddətdə işğal altındakı rayonlarımızı azad edəcək, bayraqlarımızı o torpaqlarda dalğalandıracağıq”.
Fərhad Hacıyev Gənclər Fondunun fəaliyyət göstərdiyi 5 il müddətində vətənpərvərlik haqqında 463 layihə  maliyyələşdirildiyini bildirmişdir. O həmçinin Fondun cari və gələcək fəaliyyəti müddətində də vətənpərvərlik istiqamətində olan layihələrə xüsusi önəm veriləcəyini qeyd etmişdir.
Polkovnik-leytenant Elmar Zeynalabdinov aprel döyüşlərinin Azərbaycan xalqının qələbəsi olduğunu söyləyib: “Əsgərlərimiz doğma yurdlarını qorumaq, azad etmək üçün döyüşə atıldığını bilirdi. Andına sadiq qalan ordumuz torpaqların bir hissəsini azad etdi. Düşmən əsgərləri isə səngərlərdən qaçırdılar. Çünki bilirdilər ki, bu torpaqlar onların deyil”.
Daha sonra aprel döyüşlərinin iştirakçısı olmuş bir qrup zabit səhnəyə dəvət edilib.Onlar aprel döyüşləri zamanı şücaət və qəhrəmanlıqları haqqında məlumat vermişlər.
Görüşün sonunda aprel döyüşlərinə həsr olunmuş xüsusi film nümayiş etdirilmişdir. Filmdə aprel döyüşlərinin iştirakçıları – general-mayor Hikmət Həsənov, general-mayor Mayıs Bərxudarov, Milli Qəhrəman, polkovnik Şükür Həmidov, kapitan Mirdamət Bağırov, gizir Əli Eynullayev və əsgərlərin aprel döyüşləri ilə bağlı xatirələri əksini tapıb.