“Mənim ana dilim, mənim kimliyim” adlı layihəyə yekun vuruldu

174

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş Rəcəbov Soltan tərəfindən Ağdaş rayonunda icra olunan “Mənim ana dilim, mənim kimliyim” adlı layihəyə yekun vurulmuşdur.
Layihənin məqsədi gənclər arasında Azərbaycan dilinin qorunması istiqamətində təbliğat və maarifləndirmə işinin aparılmasıdır. Ümumilikdə 180 nəfər gənc layihənin birbaşa iştirakçı olmuşdur. Keçirilən tədbirlərdə layihənin mövzusuna uyğun nəşlər hazırlanaraq gənclərə paylanılmışdır. Layihə rəhbəri Rəcəbov Soltanın fikirincə, təkcə XX əsrdə əlifbamız sovet imperiyasının əsarəti altında düz üç dəfə təcavüzə məruz qalmışdı. Yalnız 2001-ci ildə ümummilli lider Heydər Əliyevin sayəsində rəsmi olaraq latın əlifbasına keçildi, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qüvvəyə mindi. Bu müdrik insan xalqımızı bütün türk dünyası ilə birləşdirdi. Ana dilimizi milli varlığımız hesab edən ulu öndər deyirdi: “Azərbaycan dilinin dövlət dili kimi həyatımızın bütün sahələrində yaşaması və inkişafına hərtərəfli şərait yaradılmış, onun zənginləşməsi və dünya dilləri arasında layiqli yer tutması üçün daha geniş perspektivlər açılmışdır. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır”. Azərbaycan dili ən azı dəyişikliyə uğrayan dillərdəndir. Az dəyişilən dillər uzunömürlü olur. Yaranmasından 1300 il keçməsinə baxmayaraq, biz “Kitabi-Dədə-Qorqud” dastanının əlyazmasını orijinaldan oxuyub başa düşə bilirik. Ancaq ingilis dili 400 il ərzində o qədər dəyişikliyə uğrayıb ki, bugünkü ingilis Şekspirin əsərlərinin XVI əsrə aid əlyazmasını tərcüməsiz oxuya bilmir. Dil milli mədəniyyətin təzahürüdür. Hər bir vətəndaş öz doğma dilini dərindən bilməli, onun incəliklərinə yiyələnməli, özündə nitq mədəniyyəti tərbiyə etməlidir. Öz ana dilini bilməyən adam mədəni adam sayıla bilməz. Çalışmalıyıq ki, şifahi və yazılı nitqimiz gözəl olsun. Bunun üçün də dilimizin qayda-qanunlarını, normalarını mükəmməl bilməliyik. Harada oluruqsa olaq, unutmamalıyıq ki, biz Azərbaycanı təmsil edirik. Dil elə bir sərvətdir ki, onu itirmək faciədir, dəhşətdir. Millətin dilini əlindən almaq onu ölümə məhkum etmək deməkdir. Görkəmli rus ədibi və pedaqoqu Uşinski demişdir: “Bir millətin mal-dövlətini və hətta vətənini əlindən alsan, ölüb-itməz, amma dilini alsan, fövt olar və ondan bir nişan qalmaz”.