“Təhlükəsiz yol – təhlükəsiz gələcək” kampaniyasına yekun vuruldu

272

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  fərdi layihə qalibi Osmanov Sahil tərəfindən Hacıqabul rayonunda həyata keçirilən “Təhlükəsiz yol – təhlükəsiz gələcək” kampaniyası layihəsinə yekun vuruldu. Layihənin məqsədi daha geniş gənclər qrupuna yol hərəkəti qaydaları barədə məlumatların ötürülməsi, bu sahədə şagird, məktəb, bələdiyyə, DYP arasında geniş əməkdaşlığın qurulması və digər bir hədəf isə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların həyata keçirdiyimiz kampaniyaya diqqətini yönəltmək olmuşdur.
Layihə 4 gün davam etmiş və ümumilikdə 120-dən çox gənc birbaşa layihə iştirakçısı olmuşdur. Layihə çərçivəsində bukletlər hazırlanaraq gənclərə paylanılmışdır. Layihə rəhbəri Osmanov Sahil çıxış edərək bildirmişdir ki, ümumiyyətlə, cəmiyyətimiz üçün vacib olan yol hərəkəti qaydaları və ya yol qəzalarının olmaması bizi hər zaman düşündürməkdədir. Həyata keçirməyini planlaşdırdığımız fəaliyyətlər cəmiyyətimizdə daha təhlükəsiz yaşayışın açarı olacaqdır. Təbiidir ki, yol qəzalarının baş verməməsi, bu sahədə ictimaiyyətin daha da effektiv fəaliyyət göstərməsi, insanların yol hərəkəti qaydalarına həssas yanaşa bilməsi çox önəmlidir. Əgər, diqqət etsək görərik ki, bəzən yol qəzaları piyadaların günahı ucbatından baş verir ki, bu da çox məyus edici haldır. Halbuki, yol qəzalarından əziyyət çəkən piyadaların yol hərəkəti qaydalarına diqqətli olması, öz vəzifələrini və məsuliyyətini dərk etməsi yol qəzalarının qarşısının alına bilməsi üçün çox önəmlidir. Təbiidir ki, bu kimi hallar regionlarda da tez-tez baş verməkdədir. Amma, Bakı şəhərində yaşayan əhalinin və avtomobillərin çox olması burada profilaktik tədbirlərin həyata keçirilməsini daha da zəruri edir. Məhz yuxarıda qeyd etdiyimiz halların baş verməməsi üçün insanlarımız arasında maarifləndirmə işinin aparılmasına, vətəndaş məsuliyyətinin daha da gücləndirilməsinə, insanların öz hüquq və vəzifələrini daha da dərindən bilməsinə ciddi ehtiyac vardır.
“Bəs hansı qrup insanlar arasında maarifləndirmə işi aparılmalıdır?” sualı da çox önəmlidir. Əgər, diqqət etsək hər bir cəmiyyətdə olduğu kimi Azərbaycan cəmiyyətində də ən önəmli yeri gənclər tuturlar. Şagirdlər, yeniyetmələr gənclərin xüsusi əsas hissəsini təşkil edir. Hansı ki, hər zaman yol qəzalarının iştirakçısına çevrilə bilərlər. Bu həm yol qəzasını törədən, həm də ondan əziyyət çəkən ola bilər. Məhz bu hal bizə şagirdlərimiz vasitəsilə daha geniş kütlə arasında maarifləndirmə işinin aparılmasına imkan verir. Çünki, hər bir şagird öz dostları arasında, ailəsində, yaşadığı ərazidə bir fərddir. Yəni, şagirdləri arasında həyata keçirilən fəaliyyətlər nəticə olaraq daha geniş insanlar qrupuna çıxmağa imkan verəcəkdir.