“Azərbaycanda multikulturalizm dəyərləri” layihəsi başa çatmışdır

424

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Qəhrəmanov Cavid Rəcəb oğlu tərəfindən Yevlax rayonunda icra olunan “Azərbaycanda multikulturalizm dəyərləri” adlı layihəsi uğurla başa çatmışdır. Layihənin məqsədi multikulturalizm dəyərlərinin gənclər arasında təbliğ edilməsi və ətraflı maarifləndirmə işinin aparılmasıdır. Layihə çərçivəsində keçirilən təlimlərdə 150 nəfər gənc iştirak etmişdir. Təlimlər 5 gün davam etmişdir. Layihə çərçivəsində mövzu ilə bağlı bukletlər hazırlanmiş və gənclərə paylanılmışdır. Təlimlərdə gəncləri maraqlandıran suallara ətraflı cavab verilmişdir. Layihə rəhbəri Qəhrəmanov Cavid Rəcəb oğlu qeyd etmişdir ki, Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə öz töhfələrini verirlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Məzmunca multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub.Multikulturalizm nədir? Sözün semantikası ingilis dilindən hərfi tərcümədən  çoxmədəniyyətlilik (multi- çox, culture- mədəniyyət) anlamına gəlir. Çoxmədəniyyətlilik dedikdə isə, ilk növbədə etnik, irqi, dini-mədəni müxtəlifliklər və dəyərlər nəzərdə tutulur.Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir. Multikulturalizmin əsasını tolerantlıq, qanunlara, bir-birinin azadlığına hörmət hissi təşkil edir. Elmi ədəbiyyatda verilən məlumata görə, multikulturalizm anlayışı çox da qədim tarixə malik deyil. Multikulturalizm 1960-cı illərin sonunda Kanadada meydana gəlmişdir.