“Gənclər arasında Bilik festivalı” layihəsi başa çatmışdır

375

“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər arasında Bilik festivalı” layihəsinin icrası uğurla başa çatdırılmışdır.
Layihə çərçivəsində gənclər arasında bilik festivalı keçirilmişdir ki, bu da gənclərin intellektual potensialının möhkəmləndirilməsi və şəxsi qabiliyyətlərinin inkişaf etdilrilməsi, həmçinin komandada işləmək bacarığı və asudə vaxtının təşkili  baxımından mühüm əhəmiyyət kəsb edir.
Layihənin məqsədi intellektual oyunların kütləviliyinin təmin edilməsi vasitəsilə gənclərin aktivliyinin artırılması, eyni zamanda Azərbaycanın zəngin milli mədəniyyətinin, coğrafiyasının, dilinin və tarixinin gənclər arasında təbliği olmuşdur. Bilik yarışlarının keçirilməsi gənclər üçün böyük bir təlim-tərbiyə, maarif məktəbi olmaqla yanaşı, onlarda vətənpərvərlik hisslərinin aşılanmasına da böyük təkan vermişdir. Layihənin həyata keçirilməsində qarşıya qoyulan başlıca hədəflərdən biri də gənclərimizin intellektual hazırlığının yüksəldilməsi yolu ilə onların dünyagörüşünün artırılması, istedadlı gənclərin aşkara çıxarılması olmuşdur.
Layihə çərçivəsində işlər təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq həyata keçirilmiş, aidiyyəti qurumlarla əlaqələr qurulmuş, keçirilən yarışlarda 500-dən artıq yeniyetmə və gənclərin, gənclər təşkilatlarının nümayəndələrinin, dövlət orqanlarının məsul əməkdaşlarının, müəllim və valideynlərin, KİV-lərin iştirakı təmin edilmişdir. Qalib komandalar kubok və fəxri fərmanlarla təltif edildilər.