“Ü.Hacıbəyli 130” musiqi albomu layihəsinin təqdimat mərasimi keçirilib

284

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə “Üzeyir Hacıbəyli 130” musiqi albomunun təqdimat mərasimi keçirilib. Diskdə ümumilikdə 14 ifa yer almışdır ki, onlardan Üzeyir bəyin “Sevgili canan”, “Sənsiz”, “Cəngi”, “Çırpınırdın Qara dəniz”, “Arşın mal alan” operettasından seçmə əsərləri, bundan əlavə xalq mahnıları “Sarı gəlin”, “Evləri var xana-xana”, “Ay laçın”, “Qubanın ağ alması” və s. musiqilərimiz məharətlə səsləndirilmişdir. Diskdə yer alan musiqilər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının tələbə və məzunlarının ifasında səs-yazma studiyasında lentə alınmışdır. Diskin əsas özəlliklərindən biri də bəzi ifaların məhz milli musiqi alətlərimizdə (tar, kamança, balaban) lentə alınmasıdır ki, bu da diskin bir təbliğat vasitəsi kimi xüsusi əhəmiyyətinə diqqət çəkir. Diskin hazırlanmasında məqsəd Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin dünya ictimaiyyətinə daha yaxından tanıtmaq, onun əsərləri və bəstəkarlıq məktəbini təbliğ etmək, Azərbaycan xalq musiqinin dünya səhnəsinə çıxartmaq həmçinin milli musiqi alətlərimizin tanıdılması və diskdə yer alacaq istedadlı gənc musiqiçilərin stimullaşdırılmasıdır. Musiqi albomunun giriş hissəsində Üzeyir bəy haqqında Azərbaycan və ingilis dilində qısa informasiya verilir. Digər səhifələrdə isə dünya şöhrətli insanların Üzeyir Hacıbəyli haqqında söylədikləri dəyərli kəlamlar yer almışdır. Albomun son səhifəsində isə Azərbaycan Respublikasının Dövlət Himninin sözləri və 1 səsli not nümunəsi təqdim edilmişdir. Layihənin rəhbəri Nicat Həsənzadə musiqi rəhbəri Vüqar Hümbətovdur.
Tədbiri giriş sözü ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, xalq artisti, professor Yeganə Axundova açıq elan edərək layihənin önəmindən söz açdı. Daha sonra layihənin rəhbəri həmçinin layihənin musiqi rəhbəri çıxış edərək layihə haqqında ətraflı məlumat verdilər. Daha sonra tədbir diskdə ifası yer alan gənclərin kiçik konsert proqramı ilə davam etdi. Sonda akademiyanın prorektorları tərəfindən ifaçılara disklər təqdim edildi.