Gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar

601

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə anım tədbiri keçirilib.
Fondun icraçı direktoru Fərhad Hacıyev tədbirdə çıxış edərək Xocalı soyqırımından 25 il keçməsinə baxmayaraq, bu faciənin xalqımızın qan yaddaşında daha da möhkəmləndiyini bildirib. F.Hacıyev bu soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymətin verilməsinin vacibliyini vurğulayıb. O, son illər Xocalı soyqırımının dünyada tanınması istiqamətində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində mühüm tədbirlərin keçirildiyini qeyd edib.
Tədbirdə Xocalı faciəsinin şahidi, soyqırımı ilə bağlı həqiqətləri fəal təbliğ edən jurnalist Şamil Sabiroğlu qətliamın dəhşətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Anım tədbiri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” gənclər kamera orkestrinın çıxışı ilə davam edib. Həmçinin görkəmli bəstəkarlarımız Qara Qarayevin “Matəm” odası, Vasif Adıgözəlovun “Qərənfil” romansı, Fikrət Əmirovun “Nizami” simfoniyasının final hissəsi və alman bəstəkarı İohann Sebastian Baxın “Aria”sı səsləndirilib.