Cənub bölgəsində ölkə gəncləri üçün həyata keçirilən layihəyə yekun vuruldu

401

2016-cı ilin dekabr ayının 01-dən etibarən Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən “Gənclər üçün turizm bələdçiliyi üzrə qış məktəbi” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihənin məqsədi ölkədə turizm sənayesini inkişaf etdirməkdən ötrü mövcud turizm xidmətinin səviyyəsini yüksəltmək, turizm bələdçiliyi sahəsində gənc mütəxəssislərin bilik və bacarıqlarını artırmaq və regionlarda turizm sahəsində peşəkar bələdçi-ekskursiya rəhbərlərinin – turgidlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin müddəti 3 ay olmaqla, 01 dekabr 2016-cı il – 28 fevral 2017-ci il tarixlərini əhatə edir. Layihə çərçivəsində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə ölkə üzrə 15 yaşayış məntəqəsindən (Bakı, Bərdə, Füzuli, Gəncə, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Laçın, Lənkəran, Masallı, Naxçıvan, Neftçala, Sumqayıt, Zərdab) seçilən 18-29 yaş arası 26 nəfər gənc (14 nəfər qız və 12 nəfər oğlan) üçün Lənkəranda yerləşən AB Qala otelində cari ilin 06-08 yanvar tarixlərində 3 günlük təlim kursları keçirilmişdir. Təlim kursunda iştirak edən gənclərə sertifikatlar və zəruri informasiya vasitələri (turizm və turizm bələdçiliyi barədə aidiyyəti təqdimatlar) verilmişdir. Bununla yanaşı təlim kursunda iştirak edən gənclərlə qonaq qismində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi cənab Nural Səfəralı, Lənkəran Turizm və İnformasiya Mərkəzinin direktoru cənab İlqar Əzimov, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Elbəy Fətəliyev, təlimçi qismində “Cənub Turizm” MMC-nin direktoru cənab Vamiq Babayev, ekspert qismində isə “İntellekt” Sərhədsiz Maarifçi Gənclər ictimai birliyinin sədri cənab Samir Axundov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.
Qeyd edək ki, təlim kurslarından öncə Azərbaycanın 25 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağdaş, Bakı, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gəncə, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Laçın, Lerik, Lənkəran, Masallı, Naxçıvan, Neftçala, Oğuz, Siyəzən, Sumqayıt, Şabran, Şamaxı, Yardımlı, Zərdab) 79 nəfər gənc ərizəçi (34 oğlan və 45 qız) təlim kurslarında iştirak etmək üçün təşkilata müraciət etmişdir ki, onlardan da yalnız 26 nəfəri (12 oğlan və 14 qız) təlimdə iştirak etmək hüququ qazanmışdır.